2026-cı ilin yeni reqlament dövrünə çox güclü başlayan və hazırda çempionatda lider olan Mercedes son üç yarışın ikisində mexaniki nasazlıqlarla üzləşərək ciddi xal itkiləri yaşayıb.
Ötən ay Kanadada Corc Rassell lider getdiyi yarışda mübarizəni erkən dayandırıb. İspaniyada isə Kimi Antonelli finişə bir neçə dövrə qalmış ikinci yerdə gedərkən yarışdan kənarda qalıb.
Komandanın texniki direktoru Ceyms Əllison bildirib ki, nasazlıqlar tam eyni olmasa da, hamısının kökündə batareya ilə bağlı ortaq problem dayanır və komanda artıq məsələnin əsas səbəbini müəyyənləşdirə bilib.
Mercedes-in rəsmi “Nu Silver Arrows Radio” proqramında danışan Əllison deyib: “Diqqətli azarkeşlər mövsümün əvvəlindən etibarən bu problemin Mercedes mühərrikli bir neçə bolidi sıralamada geriyə saldığını görüblər. Nasazlıqların hamısı bir-birləri ilə eyni deyil, amma hamısı batareyanın eyni hissəsindən qaynaqlanır.
Riskli sahələrin böyük hissəsini artıq müəyyənləşdirmişik. Bir qədər şansın da köməyi ilə mövsüm ərzində yeni batareya modullarını istifadəyə verdikcə Mercedes mühərrikli bütün bolidlərin vəziyyəti yaxşılaşacaq.
Bu inkişaf bizim üçün çox vacibdir. Çünki son dövrlərdə yaşadığımız yarışdan qalma halları həqiqətən də çox ağrılı nəticələr verməyə başlamışdı”.
Performans və etibarlılıq arasındakı tarazlıq barədə danışan Əllison prosesi belə izah edib: “Nasazlıqların baş verə biləcəyini qəbul edirik. Sadəcə istəyirik ki, bunlar çempionat xalları uğrunda mübarizə apardığımız yarışlarda deyil, testlərdə və ya simulyatorlarda baş versin.
Təbii ki, bu proses həmişə qüsursuz işləmir. Yarış zamanı bolid yolda qalırsa, bu, performansı tam şəkildə təqdim etmək cəhdimizin uğursuzluğu deməkdir. Belə hallarda komandanın bir hissəsi problemin kökü tapılana qədər avadanlığa daha ehtiyatla yanaşır və onu daha az yükləməyin yollarını axtarır. Bu, zəif hissəyə əlavə təhlükəsizlik payı qazandırmaq üçün atılan kiçik addımdır.
Digər tərəfdən, komandanın başqa hissəsi problemin səbəbini tapmaq, həmin detalı yenidən layihələndirmək və kifayət qədər möhkəmləndirmək üzərində işləyir. Yəni əvvəlcə hissənin yükünü azaltmağa çalışırıq, sonra isə mühərriyin yenidən tam gücdə işləməsini təmin edən həqiqi həlli tətbiq edirik”.
Mercedes Barselonada Antonellinin W17 bolidində yaranan elektrik nasazlığından əvvəl də mövsümdə ilk məğlubiyyətinə çox yaxın olub. Ferrari pilotu Lyuis Həmilton böyük yeniləmə paketinin köməyi ilə güclü temp nümayiş etdirərək, virtual təhlükəsizlik avtomobilinin yaratdığı üstünlük və üç pit-stoplu aqressiv strategiya sayəsində Rasselli 19,6 saniyə qabaqlayaraq qələbə qazanıb.
Ferrari-nin sürətli inkişafını da dəyərləndirən Əllison yeni texniki reqlamentlərin hələ tam öyrənilmədiyini vurğulayıb: “Çox yeni qaydalarla yarışırıq. Bolidimiz mövsümün əvvəlində rəqiblərdən bir addım öndə idi və biz bunu ilk yarışlarda qoruya bildik.
Lakin qaydalar hələ tam araşdırılmadığı üçün hazırda performans tapmaq nisbətən asandır. Buna görə Ferrari-nin gətirdiyi kimi böyük yeniləmə paketi mövsümün əvvəlində sahib olduğumuz üstünlük qədər fərq yarada bilir. Əgər Ferrari yeniləmə gətirirsə və biz cavab vermiriksə, o rahat görünən üstünlük sürətlə yox olur. İspaniyada gördüyümüz mənzərə məhz bundan ibarət idi. Əlbəttə, bizim də öz kozırlarımız var və vaxtı gələndə bolidimiz yeniləmələr alacaq.
Bazadakı inkişaf prosesini səmərəli şəkildə davam etdirə və bunu doğru zamanda trasa gətirə bilsək, mövsümün əvvəlindəki üstün mövqeyimizi yenidən qazana bilərik”.




Şərh əlavə et