Xəbəri Kokpitdə Oxuyun!

Macarıstanda qalib Mark Markesdir

MotoGP üzrə Macarıstan Qran Prisinin qalibi Mark Markes olub.

Balaton Park trasında yarışın startı verildikdən sonra Mark Markes mövqeyini qorumağı bacarıb və ilk döngəni lider keçib.

Lakin ilk döngə zəncirvari qəzaya səhnə olub. Fabio Di Cannantonio, Marko Bezzekki, Xorxe Martin, Fermin Aldeqer və Raul Fernandes qəzaya uğrayıblar. Hadisədən sonra sarı bayraqlar qaldırılsa da, yarış qırmızı bayraqla dayandırılmayıb və mübarizə davam edib.

Bu qəzaların ardından Mark Markes liderliyini qoruyub.

2-ci dövrə başlayanda Pedro Akosta Mark Markesə hücum edərək liderliyi ələ keçirib və fərqi artırmağa başlayıb.

Enea Bastyanini uzun dövrə cəzasını çəkdikdən sonra Toprak Razqatlıoğlunun arxasında, 11-ci pillədə trasa qayıdıb.

Yarışın orta hissəsində İker Lekuona ilk döngəni bir qədər geniş trayektoriya ilə keçib. Bunun nəticəsində Toprak önündəki rəqibinə bir qədər də yaxınlaşıb. Bu zaman lider Pedro Akosta ilə Mark Markes arasındakı fərq də azalmağa başlayıb.

Bir dövrə sonra Markeslə Akosta arasında təkər-təkərə liderlik mübarizəsi yaşanıb. Markes liderlik uğrunda hücum etsə də, Akosta möhtəşəm müdafiə ilə birinci yeri qoruyub saxlaya bilib.

Lakin Markes təslim olmayıb və liderliyi Akostadan geri almağı bacarıb. Joan Mir isə 11-ci döngədə yıxılaraq yarışı vaxtından əvvəl başa vurub.

Bu vaxt Françesko Banyaya Luka Marinidən təxminən 6 saniyə öndə rahat şəkildə üçüncü yerdə irəliləyib.

26 dövrədən ibarət yarışın sonunda damalı bayraq göstərilərkən Macarıstan Qran-prisinin qalibi Mark Markes olub.

Pedro Akosta ikinci yeri tutub, Françesko Banyaya isə podiumu tamamlayaraq üçüncü olub.

Ai Oqura dördüncü, Luka Marini beşinci, Dieqo Moreyra isə altıncı yeri tutub. Onların ardınca Cek Miller və İker Lekuona qərarlaşıblar.

Toprak Razqatlıoğlu 18-ci yerdən start götürdüyü yarışı 11-ci pillədə başa vurub.

Rauf Hacıyev

Şərh əlavə et