Cadillac komandası bu həftəsonu tarixində ilk dəfə Monako Qran Prisində mübarizə aparacaq. Yeni Amerika kollektivi ümid edir ki, Serxio Peres və Valtteri Bottasın təcrübəsi Aralıq dənizi sahilində yerləşən knyazlığın dar küçələrində öz sözünü deyəcək. Xüsusilə nəzərə alsaq ki, hər iki sürücü vaxtilə burada podiuma yüksəlib, Peres isə 2022-ci ildə Red Bull-un heyətində Monako Qran Prisinin qalibi olub.Komanda Monako mərhələsi üçün bir sıra texniki yeniliklər hazırlayıb. Onların arasında yeni arxa qanad və modernləşdirilmiş qazburaxma sisteminin elementləri də var.
Cadillac Formula 1 Team Holdings-in icraçı direktoru Den Tauriss bildirib: “Monakoda Avropadakı ilk yarışımıza çıxacağıq və bu, bizim üçün xüsusi məqamdır. Eyni zamanda bizi mövsümün ən çətin həftəsonlarından biri gözləyir.
Hər yarışda irəliyə doğru daha bir addım atmağa çalışırıq və bunu burada da davam etdirmək niyyətindəyik. İnkişaf tempini artırmaq üçün əvvəlki kimi çox çalışacağıq”.
Komandanın rəhbəri Qrem Loudon isə əlavə edib: “İstənilən komanda, xüsusilə də tamamilə yeni kollektiv üçün Monako ciddi sınaqdır. Mayami və Monrealda mühüm irəliləyiş əldə etmişdik. Monako mərhələsi həmişə gözlənilməzliyi ilə seçilir və bu, müəyyən imkanlar yarada bilər.
Əsas məqsədimiz texniki yenilikləri təqdim etmək və həftəsonunu mümkün qədər səmərəli keçirməkdir. Artıq bizə digər komandalarla eyni meyarlarla yanaşırlar və bu, gözləntilərin artdığını göstərir. Bununla belə, debüt mövsümümüzün cəmi altıncı yarışı olduğu üçün diqqətimiz hələ də inkişaf prosesinin üzərindədir”.




Şərh əlavə et