Reqlament dəyişikliyi bu fasiləyə xüsusi rəng və gizli məna qatır. Komandaların gözlənilmədən əlavə vaxtı yaranıb və onlar bundan aktiv istifadə edirlər. Təqvimdəki bu pauza yeni çempionun müəyyənləşməsində həlledici rol oynaya bilər.
Martdakı üç yarış eyni ssenari ilə keçdi, sonra komandalar təxminən beş həftə bazalarda işlədilər. Mayın əvvəlində Mayami mərhələsi Formula 1-də hər şeyin necə sürətlə dəyişdiyini göstərdi. İndi növbə Kanadadır və orada da hər şey bir qədər fərqli olacaq. Ardınca isə Avropa seriyası gəlir – həmin səkkiz həftə ərzində düz altı yarış keçiriləcək.
Əksər komandalr Monreala yeniliklər gətirəcəklər. Hətta sprint formatı testlər üçün əlverişsiz olsa belə, bu yenə də Monakodan yaxşıdır, çünki orada ümumiyyətlə heç nə yoxlamaq mümkün deyil.
Çoxları hesab edirlər ki, sprint məhz Monakoda keçirilməli idi. Çünki orada intriqa həmişə az olur, amma həftəsonunda iki sıralanma turu sürücülərə kifayət qədər maşın “əzib-dağıtmaq” imkanı verərdi ki, maraq artsın.
Növbəti yenilik dalğası ənənəvi olaraq Barselonaya təsadüf edəcək, lakin o yarış iyunun ortasında keçiriləcək.
Kanada Qran Prisi sanki ötmənin çətin olduğu traslardan sonra azarkeşlərə verilən kompensasiyadır. Bu yarış həmişə fərqli olub. Səyyar mərhələ, rəngarəng atmosfer. Bizim üçün gecə qrafiki. Maraqlı şəhər trası, yaxın baryerlər və ötmə imkanları. Möhtəşəm atmosfer, yarışları yaxşı anlayan azarkeşlər… Ostin yarışı keçirilənə qədər Kanada mərhələsi Melburnla birlikdə Formula 1-in Avropadan kənarda özünü evdə hiss etdiyi iki məkandan biri idi.
Kanada trası xüsusiyyətlərinə görə ən ziddiyyətli traslardan biridir. Onu eyni anda həm Monako, həm də Monza ilə müqayisə edirlər. Aralıq dənizi sahilindəki “labirint”lə İtaliyanın “Sürət Məbədi” arasında nə ortaq ola bilər? Amma Monrealdakı süni Ile Notre Dame adasında yerləşən avtodrom yüksək sürətli düzlükəri beton divarlarla əhatələnmiş yavaş döngələrlə qəribə şəkildə birləşdirir.
Monreal yarışı əksəriyyət üçün mövsümün ən sevimli mərhələlərindən biridir. Kanadada da öz Qran Prilərini sevirlər. Bu yarış gözlənilməzliyi və maraqlı keçməsi ilə haqq etdiyi reputasiyanı qazanıb.
Beton divarlar arasındakı köhnə məktəb yarımstasionar tras, dəyişkən hava, nisbətən aşağı asfaltayatma qüvvəsi ilə qeyri-adi sazlanmalar və ətrafda baş verənləri izləyən meşə marmotları – mərhələdən əvvəl onları köçürməyə çalışırlar, amma bəziləri yenə də yarışı izləmək üçün qalırlar.
Bütün bunlar Kanada mərhələsinə xüsusi cazibə qatır və qələbə qazanmaq üçün hamıdan yaxşı həll edilməli olan bir tapmacaya çevrilir.
Əvvəllər bu yarışın qalibini öncədən demək mümkün deyildi, amma təşkilatçılar təhlükəli hissələri geri çəkdilər, konfiqurasiyanı sadələşdirdilər, asfaltı dəyişdilər və son on ildə burada qalib kifayət qədər proqnozlaşdırılandır. Yeddi dəfə poulun sahibi qalib gəlib.
Lakin bu, həqiqətən də əfsanəvi mərhələdir. Yalnız burada 14-cü döngədəki adi baryerin öz adı var – “Çempionlar divarı”. Bu ad 1999-cu ildə üç dünya çempionunun qəzasından sonra yaranıb.
Naycel Mansell zarafatla deyirdi: “Formula 1 sürücüləri iki kateqoriyaya bölünür: bu divara çırpılanlar və hələ çırpılmayanlar”.
Düzdür, indi həmin divar əvvəlki qədər təhlükəli deyil, çünki 2002-ci ildə onu bir metr geri çəkiblər. Ancaq qəzalar yenə də olur.




Şərh əlavə et