Xəbəri Kokpitdə Oxuyun!

ADUO-dakı dəyişikliklər təsdiqlənib

FIA rəqiblərdən geri qalan güc qurğusu istehsalçılarını dəstəkləmək üçün yaradılmış ADUO proqramının (Əlavə Təkmilləşdirmə və Modernizasiya İmkanları) reqlamentində dəyişiklikləri rəsmi şəkildə təsdiqləyib.

ADUO proqramı 2026-cı il mövsümündən əvvəl qəbul olunub və etalon göstəricilərdən geri qalan mühərrik istehsalçılarına yardım məqsədi daşıyır. Proqram yeni texniki dövrün başlanğıcı ilə eyni vaxta təsadüf edib. Bu ildən Formula 1-də yeni nəsil güc qurğuları debüt edib.

2026-cı il mövsümü ərzində mühərriklərin effektivliyini qiymətləndirmək üçün üç nəzarət nöqtəsi nəzərdə tutulmuşdu – altıncı, on ikinci və on səkkizinci mərhələlərdən sonra. Lakin Bəhreyn və Səudiyyə Ərəbistanı Qran Prilərinin ləğvindən sonra FIA qiymətləndirmə tarixlərini yenidən nəzərdən keçirib.

Yeni qərara əsasən, ilk analiz beşinci mərhələdən — Kanada Qran Prisindən sonra aparılacaq. İkinci qiymətləndirmə Macarıstan Qran Prisindən sonra, sonuncu isə əvvəlcədən planlaşdırıldığı kimi mövsümün 18-ci mərhələsi olan Meksika Qran Prisindən sonra keçiriləcək.

Bundan başqa, FIA daha bir vacib dəyişiklik edib. Etalon səviyyədən geri qalması 10 faizi keçən istehsalçılar güc qurğusunun təkmilləşdirilməsi üçün əlavə 230 saat əldə edəcəklər.

Mövsümün əvvəlində artıq Honda güc qurğularının rəqiblərdən nəzərəçarpacaq dərəcədə geri qaldığı məlum olub və yapon istehsalçının ADUO proqramından faydalana biləcək şirkətlərdən biri olacağı gözlənilir.

Mercedes komandasının rəhbəri Toto Volff isə daha əvvəl vurğulamışdı ki, ADUO proqramı yalnız geri qalan istehsalçılara yardım mexanizmi kimi istifadə edilməlidir, çempionatda qüvvələr balansına təsir aləti kimi yox.

ADUO proqramına görə mühərrik üzərində əlavə işləmə saatları

Etalondan geri qalma Əlavə saat
<2% 0 saat
2% ≤ X < 4% 70 saat
4% ≤ X < 6% 110 saat
6% ≤ X < 8% 150 saat
8% ≤ X < 10% 190 saat
≥10% 230 saat

Rauf Hacıyev

Şərh əlavə et