Xəbəri Kokpitdə Oxuyun!

F1-in ən qocaman pilotu vəfat edib

Formula 1-in ilk illərinə şahidlik edən Hermano da Silva Ramos 100 yaşını qeyd etdikdən qısa müddət sonra vəfat edib.

Bu gün Formula 1-in ən qədim dövrlərinə bağlayan mühüm bir halqa qırılıb. İdmanın son dərəcə təhlükəli və proqnozların çətin olduğu 1950-ci illərdə yarışan Ramos 100 yaşında Fransada dünyasını dəyişib. Formula 1-in ilk nəslinin son nümayəndələrindən biri olan Ramos, arxasında zəngin bir irs qoyub.

7 dekabr 1925-ci ildə Parisdə portuqaliyalı ailədə doğulan Ramos, Formula 1-in yeni formalaşdığı dövrdə peletonda olub. 1950-ci illərin ortalarında çempionatda yenicə təməli qoyulan Gordini komandasına qoşulub.

Formula 1 karyerası uzun olmasa da, Ramos idmanın tarixində önəmli fiqurlardan biri kimi yadda qalıb. 1955 və 1956-cı il mövsümlərində ümumilikdə yeddi Qran Pridə iştirak edən sürücü, pilotların eyni ildə həm Formula 1, həm dözümlülük yarışları, həm də təhlükəli yol yarışları arasında tez-tez keçid etdiyi bir dövrdə mübarizə aparıb.

Ən yadda qalan nəticəsini 1956-cı il Monako Qran Prisində əldə edən Ramos, Gordini ilə yarışı beşinci pillədə başa vuraraq, iki xal qazanıb. Yalnız ilk beşliyin xal qazandığı həmin dövrdə bu nəticə güclü baza komandalarına qarşı mübarizə aparan kiçik fransız komandası üçün böyük uğur sayılırdı.

Ramos Formula 1-də son startını həmin il Monzada alıb. Güc qurğusu nasazlığı səbəbilə yarışın əvvəlində mübarizəni dayandırıb və karyerasını sakit şəkildə başa vurub. Formula 1-dən kənar fəaliyyətində isə 1950-ci illərin avtoidmanını formalaşdıran əfsanəvi Le Man 24 Saat və Mille Miglia kimi dözümlülük yarışlarında iştirak edib.

2023-cü ilin aprelində Kennet Makalpaynın 102 yaşında vəfat etməsindən sonra “yaşayan ən yaşlı Formula 1 pilotu” statusunu qazanan Ramos bu adı bir ildən çox daşıyıb. Formula 1 tarixində 100 yaş həddinə çatan cəmi üç pilot məlumdur: Ramos, Makalpayn və Paul Pietş.

Ramosun vəfatından sonra yaşayan ən yaşlı sabiq Formula 1 pilotu statusu 1965-ci il Britaniya Qran Prisində cəmi bir yarışa çıxmış Con Roudsa keçib.

Rauf Hacıyev

Şərh əlavə et