Xəbəri Kokpitdə Oxuyun!

Türkiyə bu il yarış keçirəcək?

FIA prezidenti Məhəmməd Ben Sulayem, Türkiyə Qran Prisinin bu il təqvimə daxil edilə biləcəyini deyib.

Formula 1 dünyasında maraq doğuran xəbərə görə, normalda gələn il üçün planlaşdırılan Türkiyə Qran Prisinin dönüşü bir il erkən baş tuta bilər. Sulayem Yaxın Şərqdə ləğv olunan yarışların yerinə İstanbul Parkın bu mövsüm ehtiyat variant kimi nəzərdən keçirilə biləcəyini açıqlayıb.

Formula 1 və FIA Yaxın Şərqdə planlaşdırılan iki yarışın ləğvindən sonra təqvimi yenidən formalaşdırmaq üçün müxtəlif variantları dəyərləndirir. Ssenarilər arasında Bəhreyn və ya Səudiyyə Ərəbistanı yarışlarını 2-4 oktyabr tarixlərində Azərbaycan və Sinqapur mərhələləri arasındakı boşluğa yerləşdirmək və ya mövsümü bir həftə gec – 13 dekabrda bitirəcək dördlü yarış seriyası təşkil etmək var. Lakin bölgədə gərginlik davam edərsə, İstanbul Park ən güclü alternativ kimi önə çıxır.

Formula 1 qısa müddət əvvəl Türkiyə Qran Prisinin gələn mövsümdən etibarən 2031-ci ilə qədər beşillik müqavilə ilə geri dönəcəyini təsdiqləmişdi. Bununla belə, Sulayem qeyd edib ki, İstanbul Park lazımi lisenziya və hazırlıq proseslərini tamamlayarsa, bu il də təqvimə daxil edilə bilər.

Mətbuata açıqlamasında FIA prezidenti logistikanın və komanda heyətinin iş yükünün vacibliyini vurğulayaraq, prosesi mümkün qədər balanslı şəkildə idarə etməyə çalışdıqlarını bildirib.

Məhəmməd Ben Sulayem: “Təqvimi Qətər ətrafında bir həftə irəli-geri çəkə bilərik, hər şeyi dəyişə bilərik. Əgər bu mümkün olmazsa, texniki hazırlıq və digər tələblər yerinə yetirilərsə, bu il Türkiyəyə də gedə bilərik.

Logistika baxımından ən uyğun variantı müəyyənləşdiririk. Təşkilatçılarla danışıqlar aparırıq və bunu əməkdaşlarımız üzərində həddindən artıq təzyiq yaratmadan etməliyik. Bu, yalnız avtoidman ilə bağlı məsələ deyil. İnsanların həyatı, bölgədəki gərginlik və dəyişən şərait də nəzərə alınmalıdır.

İdman gözləyə bilər. Daha vacib olan nədir – insan həyatı, yoxsa avtoidman? Prioritet hər zaman insanlardır. Ümid edirəm ki, yaxın zamanda hər şey normallaşacaq. Ancaq bölgədə gərginlik oktyabr və noyabra qədər davam edərsə, təhlükəsizlik hər şeydən öncə gələcək və yarışları keçirmək mümkün olmayacaq”.

Rauf Hacıyev

Şərh əlavə et