Xəbəri Kokpitdə Oxuyun!

Monza ən təhlükəsiz trasdır

Əfsanəvi Monza avtodromuna FIA Road Safety Index üzrə ən yüksək təhlükəsizlik reytinqi verilib. Federasiyanın açıqlamasına görə, Monza trası təhlükəsizlik səviyyəsini daim artırmağa yönəlmiş yanaşmasına görə 3 ulduz alıb. Bu yanaşma trasda keçirilən bütün fəaliyyətlərin təşkilində özünü göstərir.

Bu təhlükəsizlik şkalası FIA Fondu ilə birgə hazırlanıb və qlobal səviyyədə tətbiq olunur. Metodika təhlükəsizlik səviyyəsinin qiymətləndirilməsi, risklərin müəyyən edilməsi və onların azaldılması üçün tədbirlərin hazırlanmasına imkan verir. Müxtəlif parametrlər üzrə kompleks analiz aparılaraq mümkün risklər aşkarlanır və onların aradan qaldırılması üçün tövsiyələr hazırlanır.

İtaliya avtodromunun rəhbərliyi təhlükəsizlik məsələlərinə sistemli və planlı yanaşma nümayiş etdirir və bu sahəni prioritet hesab edir. Bu yanaşma FIA-nın verdiyi yüksək qiymətdə də öz əksini tapıb. Monza 3 ulduz alan ikinci tras olub. Birinci tras isə 2025-ci ildə Vallelunqadakı Piero Taruffi avtodromu idi.

FIA-nınprezidenti Məhəmməd ben Sulayem: “Yol təhlükəsizliyi qlobal problemdir və onun həlli kompleks yanaşma tələb edir. FIA Təhlükəsizlik İndeksi vasitəsilə biz müxtəlif qurumları bu istiqamətdə addımlar atmağa təşviq edirik. Monza avtodromunun nailiyyəti ilə fəxr edirəm. Bu, avtoidman icmasının müsbət dəyişikliklərdə lider ola biləcəyini göstərir”.

ACI milli avtomobil klubunun prezidenti Ceronimo la Russa isə əlavə edib: “Bu mühüm nailiyyət Monzanın dünya avtoidmanında unikal simvol kimi rolunu bir daha vurğulayır. ‘Sürətin məbədi’ Formula 1 yarışlarını qəbul edən ən qədim trasdır, burada ən yüksək sürətlər qeydə alınır və pilotlar bu trası çox sevir. İndi isə o, həm də təhlükəsizlik və innovasiyalara məsuliyyətli yanaşmanın nümunəsi kimi tanınıb”.

Rauf Hacıyev

Şərh əlavə et