Xəbəri Kokpitdə Oxuyun!

Cadillac Tenneco ilə anlaşıb

Cadillac komandası 2026-cı il Formula 1 mövsümündə debüt edəcəyi ilk ilinə hazırlaşarkən, avtomobil texnologiyaları sahəsində qlobal liderlərdən biri olan Tenneco ilə çoxillik texniki tərəfdaşlıq müqaviləsi imzaladığını açıqlayıb.

Cadillac Formula 1 Team tərəfindən yayımlanan bəyanatda, General Motors-un dəstəklədiyi komandanın avtomobil məhsulları və texnoloji həllər sahəsində dünyanın aparıcı təchizatçılarından biri sayılan Tenneco ilə uzunmüddətli əməkdaşlığa başladığı bildirilib.

125 ildən artıq tarixə malik olan Tenneco bu günədək Ford, General Motors, Toyota, Mercedes-Benz və Jaguar Land Rover kimi iri istehsalçılarla çalışıb, həmçinin Citroën, Jeep, Fiat və Lancia brendlərini birləşdirən Stellantis qrupu ilə də sıx əməkdaşlıq münasibətləri qurub.

Cadillac ilə əldə olunan razılaşma çərçivəsində Tenneco, xüsusilə güc qurğusu və alışdırma texnologiyaları sahəsində, performans, etibarlılıq və dayanıqlılığa yönəlmiş kritik sistemlər, məhsullar və mühəndislik dəstəyi təqdim edəcək.

Şirkət, General Motors ilə onilliklərə dayanan əməkdaşlığı ərzində, güc ötürmə sistemləri, sürüş performansı və emissiya həlləri kimi sahələrdə əhəmiyyətli töhfələr verdiyini də vurğulayıb.

Cadillac-ın Kommersiya Strategiyası Direktoru Tayler Epp, bu anlaşmanın komandanın əsaslarını daha da möhkəmləndirəcəyini qeyd edərək bildirib: “2026-cı ilin Avstraliya Qran Prisindəki ilk yarışımıza doğru irəliləyərkən, uzunmüddətli uğur üçün möhkəm təməl qurmaq vizyonumuzu paylaşan tərəfdaşlara ehtiyacımız var. Tenneco, texniki komandalarımızla çiyin-çiyinə işləyən, yüksək keyfiyyətli və etibarlı komponentlər təqdim etməyə fokuslanan özünü sübut etmiş bir tərəfdaşdır”

Tenneco-nun baş icraçı direktoru Cim Voss isə şirkətin məqsədini belə ifadə edib: “Yüksək performans göstərmək, işi düzgün icra etmək və qalib gəlmək istəyən komandalar üçün ən etibarlı tərəfdaş olmaq istəyirik”.

Rauf Hacıyev

Şərh əlavə et