İtalyan rəhbər bildirib ki, Audi qarşıdakı mövsüm üçün konkret nəticə hədəfi qoymur, lakin 2030-cu ildə titul uğrunda mübarizə aparmağı planlaşdırır.
Mattia Binotto: “Biz çox yaxşı başa düşürük ki, hələ yolun başlanğıcındayıq. Bu gün start nöqtəsindəyik və bilirik ki, komandanı qarşıda çoxlu çətinliklər gözləyir. Digər tərəfdən, biz buna hazırıq. Böyüməyə, komanda qurmağa və öyrənməyə davam etməyə hazırıq.
2026-cı ildə yeni reqlament qüvvəyə minir. Bizim tamamilə yeni şassimiz və yeni güc qurğumuz var. Mühəndislik baxımından bu, çox həyəcanverici çağırışdır və bizi qarşıda daha çox maraqlı mərhələlər gözləyir, eyni zamanda yeni yanaşmaları sınaqdan keçirmək imkanımız olacaq.
Əsas məqsədimiz 2030-cu ildə titul uğrunda mübarizə aparmaqdır, 2026-cı ildən etibarən isə aralıq hədəflərimiz olacaq. Açığı, bu mövsüm üçün hansı məqsədləri müəyyən etməli olduğumuzla bağlı uzun müzakirələr aparmışıq.
Bu məqsədi konkretləşdirməliyikmi? Bu, Mühəndislər Kubokunda müəyyən yer tutmaq olmalıdırmı? Yoxsa mövsümün sonunda neçə xal toplamağımıza fokuslanmalıyıq? Düşünürəm ki, ilk il üçün bu, düzgün yanaşma olmazdı.
Bizim üçün əsas məsələ rəqabətədavamlı olmaqdır. Amma eyni zamanda istəklərimizdə təvazökar qalmalıyıq, çünki hələ öyrənməli çox şey var. Bizim üçün yanaşma, işə münasibət daha önəmlidir. Daim öyrənməliyik.
Rəqabətədavamlı olmaq məqsədi o deməkdir ki, artıq orta səviyyə ilə kifayətlənmək olmaz. Biz hara getməli olduğumuzu dəqiq bilirik. Resept isə sadədir – çox çalışmaq və tədricən rəqiblər üçün daha ciddi təhlükəyə çevrilmək.
Bizə məhz belə bir yanaşma lazımdır. Bu, həm bu mövsümə, həm də bütün yolumuza münasibətimizdir. Söhbət ondan gedir ki, qarşıda çətinliklərin olacağını anlayırıq. Çətin dövrlər, uğursuzluqlar da ola bilər. Ancaq nəticədə hər şey yalnız bizdən asılı olacaq. Nə qədər öyrənəcəyimizdən, çətinliklərin öhdəsindən necə gələcəyimizdən… Biz əmin olmalıyıq ki, yaxın gələcəkdə məqsədimizə çatacağıq”.




Şərh əlavə et