Formula 1-in prezidenti və icraçı direktoru Stefano Domenicali dəfələrlə bildirib ki, çox sayda ölkə Qran Priyə ev sahibliyi etməkdə maraqlıdır. Son vaxtlar bu kontekstdə Cənubi Koreya, Tailand, Portuqaliya, Almaniya, Türkiyə, Cənubi Afrika Respublikası və hətta avtoidman üçün ekzotik sayılan Mərakeş və Ruanda kimi ölkələrin adları çəkilib.
İndi bu siyahıya Özbəkistan da əlavə olunub. Britaniyalı jurnalist Co Savar yazır ki, Özbəkistan nümayəndələri gələcəkdə Formula 1 mərhələsinin keçirilməsi ilə bağlı ilkin danışıqlar aparmaq üçün Sinqapur Qran Prisinə səfər ediblər.
Hazırda idman Özbəkistanda xüsusi diqqət mərkəzindədir. Ölkənin futbol üzrə milli komandası tarixində ilk dəfə 2026-cı ildə keçiriləcək dünya çempionatının final mərhələsinə vəsiqə qazanıb, həmçinin dekabrın əvvəlində Daşkənddə FIA-nın Qala mükafatlandırma mərasimi və FIA-nın prezident seçkiləri baş tutacaq.




Şərh əlavə et