Kokpit.az bildirir ki, yeni reqlamentə görə F1-dəki sprint yarışları F2 və F3-dəki kimi – tərsinə start düzülüşü ilə keçirilə bilər.
Stefano Domenikali: “Mən əminəm ki, iki istiqamətdə inkişaf imkanı var. Bu barədə komandalar və pilotlarla, həmçinin, təbii ki, FIA ilə danışmalıyıq.
Məsələ bundadır: sprint yarışlarını daha çox həftəsonunun proqramına daxil etmək mümkündürmü? F2 və F3-də tətbiq etdiyimiz tərs start qaydasını tətbiq etmək düzgün yanaşma olarmı? Bu sualları müzakirə edəcəyik.
Hesab edirəm ki, artıq komandalar belə məsələlərə ciddi yanaşmağa kifayət qədər hazırdırlar. Bu istiqamətə maraq artmaqdadır, ona görə də mən sprintlərin sayının artırılması ilə yanaşı, yeni formatlar və ideyalar barədə də müzakirələr aparmağa hazıram”.
Keçmişdə komandalar, pilotlar və əksər azarkeşlər tərs start qaydası ilə bağlı hər hansı təklifi rədd edirdilərsə, Stefano Domenikalinin fikrincə, indi bu məsələyə münasibət o qədər də kəskin deyil:’“Biz bu tip müzakirələrə açığıq, çünki məncə, azarkeşlərin fikrinə qulaq asmalı, nəsə yaratmağa çalışmalı və səhv etməkdən qorxmamalıyıq. Kim səhv etmədiyini deyirsə, deməli, heç nə etmir.
Hər halda, əvvəlki yarış həftəsonu formatına dönüş olmayacaq. Hansı formatın düzgün olduğundan asılı olmayaraq, məncə, sprintlər mütləq keçirilməlidir. Bu, çempionatın inkişafına görədir. Mən onların bütün həftəsonlarında keçirilməsini demirəm. Hazırda mövsümdə 24 mərhələdən 6-sında sprint var və biz sprintlərin sayını təxminən orta səviyyəyə çatdırmaq istiqamətində hərəkət etməliyik”.
Şərh əlavə et