VR46 komandasında çıxış edən Morbidelli ötən həftə Zaksenrinqdə təşkil olunan sprint yarışında yüksək sürətlə qəza etmiş və sol körpücük sümüyündə ciddi zədə almışdı.
Yağışlı hava şəraitində Ducati motosikletinin idarəetməsini itirən İtalyan sürücü çınqıllı sahədə dəfələrlə çevrilərək yıxılmışdı.
Cari mövsümdə iki podium əldə edən və çempionatda beşinci pillədə qərarlaşan italyan sürücü Brno yarışının ilkin iştirak siyahısında yer alsa da, son qərarla yarışa qatılmayacağı təsdiqlənib.
VR46 komandasının açıqlamasında bildirilib: “Franki hələ də zədəli nahiyəsində ağrı hiss edir. Bu səbəbdən Brno Qran Prisində komandanın boksunda olacaq və fiziki reabilitasiya proqramına davam edəcək”.
Komanda həmçinin Morbidellinin yerinə əvəzləyici sürücünün təyin olunmayacağını açıqlayıb.
Digər tərəfdən, appendisit əməliyyatına görə Almaniya Qran Prisində iştirak etməyən Enea Bastianini geri qayıtmağa hazırdır. KTM Tech3 komahdasınln sürücüsü Brno yarışında iştirak edəcək.
Enea Bastianini qayıdışı ilə bağlı bunları deyib: “Özümü çox daha yaxşı hiss edirəm! Almaniya yarışını buraxmaq və bu qədər uzun müddət yataqda qalmaq mənim üçün çox çətin oldu. Amma Brno Qran Prisində yaxşı formada olmaq üçün özümə kifayət qədər vaxt verdim”.
Bastianinin bu yarışda komanda yoldaşı isə Maverik Vinyales yox, Pol Esparqaro olacaq. Xatırladaq ki, Vinyales Zaksenrinqdəli sıralanma turunda keçirdiyi qəzada sol çiynini qırmışdı.
Şərh əlavə et