Xəbəri Kokpitdə Oxuyun!

Qətər GP: Əsas sərbəst yürüşlərdə Morbidelli sürpriz edib

MotoGP üzrə Qətər Qran Prisinin əsas sərbəst yürüşlərini Franko Morbidelli zirvədə bağlayıb.

Kokpit.az bildirir ki, VR46-nın italyan sürücüsü Qətərdəki gecə sessiyasında möhtəşəm performans göstərərək, həm Françesko Banyayanı, həm də Mark Markesi qabaqlayıb.

Birinci sərbəst yürüşləri zirvədə bağlayan Mark Markes gecə sessiyasına da yaxşı başlayıb. Ancaq sessiyanın ortalarında Aleks Markeslə Françesko Banyayanın gerisinə düşüb.

Yeni Soft arxa təkərlər götürən Aleks Markes qısa müddət də olsa, liderliyə yüksəlib. Sessiyanın sonlarında isə liderlik tez-tez əl dəyişdirib.

Son dəqiqələrdə Morbidelli ən sürətli dövrə ataraq, Valentino Rossinin gözləri önündə 0.145 saniyə fərqlə liderliyə yüksəlib. Komanda yoldaşı Fabio di Canantonio dördüncü, Aleks Markes beşinci olub. Yamaha-dan Fabio Kuartararo isə 6-cı yeri tutub.

KTM komadasının sürücüləri Pedro Akosta və Maverik Vinyales, debütant Fermin Aldequer və Honda-dan Yohan Zarko onluğu bağlayıblar. Beləliklə bu 10 sürücü sıralanma turuna birbaşa ikinci sessiyadan başlayacaqlar.

Zədədən yeni qayıdan son Dünya Çempionu Xorxe Martin isə Aprilia ilə 20-ci yeri tutub.

Rauf Hacıyev

Şərh əlavə et