Xəbəri Kokpitdə Oxuyun!

Qış testlərini Corc Rassell zirvədə bağlayıb

Bəhreyndə keçirilən mövsümöncəsi qış testlərini Mercedes komandasından Corc Rassell zirvədə bağlayıb.

Günün ikinci yarısında trasa ilk çıxan sürücü Esteban Okon olub. Onu sabiq komanda yoldaşı Pyer Qasli izləyib.

Lakin trasın qaçış zonasına avtobus girdiyi üçün sessiya qırmızı bayraqlarla dayandırılıb və sürücülər boksa qayıdıblar. Qısa müddətdən sonra sessiya yenidən bərpa olub və Lyuis Həmilton C3 tərkiblərlə trasa çıxıb.

Britaniyalı pilot vurduğu dövrə ilə 13-cü yeri tutub. Daha sonra Corc Rassell trasa çıxıb və C3 tərkiblərlə atdığı dövrə ilə Şarl Leklerdən 0.752 saniyə geridə qalaraq 8-ci olub.

Pyer Qasli daha sonra C3 tərkiblərlə üçüncü sektorda ən sürətli nəticəni göstərib və 1.30.657 zaman nəticəsi ilə liderliyə yüksəlib. Fransalı sürücü daha sonra nəticəsini 1.30.459 ilə bir az da yaxşılaşdırıb.

Corc Rassell isə C3 tərkiblərlə atdığı dövrə ilə Qaslidən 0.399 saniyə geridə qalıb və üçüncü olub. Daha sonra Oskar Piastri C2 tərkiblərlə dövrə vurub və Qaslidən 1.114 saniyə geri qalaraq, 11-ci yeri tutub

Sessiyada 1 saatın sonunda Corc Rassell birinci sektorda hamıdan sürətli olub və Qaslini 0.228 saniyə qabaqlayaraq (1.30.054) liderliyi ələ keçirib. Lyuis Həmilton isə C3 tərkiblərlə Rasselldən 0.547 saniyə geri qalaraq, üçüncü olub.

Bundan sonra Maks Ferstappen C2 tərkiblərlə trasa çıxıb və dövrələr vurmağa başlayıb. Niderlandlı sürücü 10-cu döngədə təkərləri bloklayaraq, trasdan çıxıb və saeı bayraqlara səbəb olub. Dördqat Dünya Çempionu daha sonra C3 tərkiblərə keçib və 1.29.844 zaman nəticəsu ilə zirvəni ələ keçirib. Lakin 27 yaşlı sürücü yenə də nəticəsini yaxşılaşdıraraq, 1.29.799-luq dövrəvi nəticə əldə edib.

Oskar Piastri isə C1 tərkiblərlə dövrələr vurub.

Aleks Elbon C4 tərkiblərlə ilk sektorda hamıdan sürətli olub və 1.29.650 zaman nəticəsi ilə liderliyə yüksəlib. Lakin Maks Ferstappen fərqini göstərib və C3 tərkiblərlə 1.29.566 zaman nəticəsi göstərərək, zirvəni yenidən əlinə keçirib.

Esteban Okon və Maks Ferstsppen yerlərində fırlanaraq sarı bayraqlara səbəb olsalar da, sessiya davam edib.

Sessiyanın bitməsinə 5 dəqiqə qalmış Corc Rassell C3 tərkiblərlə 1.29.545 zaman nəticəsi göstərib və birinci olub. Onu Maks Ferstappen və Aleks Elbon izləyiblər.

Rauf Hacıyev

Şərh əlavə et