Kokpit.az xatırladır ki, yeni texniki reqlament ilə bolidlərin minimum çəkisi önəmli dərəcədə azaldılıb və bu da komandaların işini çox çətinləşdirir.
Xüsusən də yeni güc qurğularının daha böyük və ağır olmasına görə çəki hədəflərinə çatmaq daha çətin olacaq. Minimum çəki həddinə yaxınlaşan komandalar ilk yarışlardan üstünlük qazanacaqlar.
Hazırkı reqlamentdə komandalar minumum ağırlıq həddinə çatıblar və buna görə də çəki məsələsi arxa planda qalır. Ancaq Formula 1-də artıq olan 3 kiloqram dövrə başına 0.1 saniyənin itirilməsi deməkdir. Bu da müasir Formula 1-də böyük itkidir.
2022-ci ildə başlayan texniki reqlamentin əvvəllərində bəzi komandalar minimum çəkiyə çatmaqda çətinlik çəkmişdilər.
Haas komandasının texniki direktoru Andrea De Zordo düşünür ki, 2026-cı ildə də bənzər problemlər yaşana bilər: “Çəki çox vacib məsələdir. Minimum çəkiyə yaxınlaşmaq bugünkündən çox çətin olacaq. Bəzi bolidlərin çəkiləri həddən artıq çox ola bilər. Belə olan halda çəki aerodinamika qədər vacib hala gələcək”.
FİA və Formula 1 rəhbərliyi yeni bolidlırin 30 kiloqram yüngül olmasını planlaşdırır. Ancaq yeni hibrid güc qurğularının çəkisi 34 kiloqramdan çox olacaq. Bu da o deməkdir ki, komandalar bolidin çəkisini təxminən 60 kiloqram azaltmalıdırlar.
Bolidlərin ölçülərinin kiçilməsi bu prosesi bir az asanlaşdırır. Təkər bazası 3.6 metrdən 3.4 metrə qədər düşəcək. Bolidin eni isə 2 metrdən 1.9 metrə qədər azaldılacaq. Lakin buna baxmayaraq minimum çəkiyə çatmaq komandalar üçün çox çəton olacaq.
Haas komandasının texniki direktoru Andrea De Zordo bildirib ki, çəkiyə nəzarət bolidlərin aerodinamik quruluşu ilə birbaşa əlaqəli olacaq. Komandalar aerodinamik performans ilə çəki arasında balans tapmalı olacaqlar. Belə olan halda 2022-ci ildəki kimi fərqli dizaynlı bolidlər görə bilərik.
Andre De Zordo: “Eyni hal 2026-cı ildə də təkrarlana bilər. Bəlkə tamamilə aerodinamik cəhətdən yox, amma çəki və gücə nəzarət arasında balans axtarılmasını görə bilərik”.
Minimum çəkiyə çatan komandalar mövsümün əvvəlində güclü ola bilər, ancaq mövsümün gedişatında digər komandalar bolidlərin çəkisini azaltsalar, performansın balansı dəyişə bilər. Bu da o deməkdir ki, mövsümün əvvəlində güclü olan komanda sonlara doğru geriləyə bilər.
Şərh əlavə et