Ferrari ilə keçirdiyi dörd mövsümdən sonra Karlos Sayns 2025-ci ildən etibarən Lyuis Həmiltonla əvəzlənəcək. Ancaq bu ayrılıq müəyyən mənada yarımçıq bir hekayə kimi görünür.
Performansı və komandaya sədaqəti ilə Ferrari komandasının hörmətini qazanan ispaniyalı pilot komandadakı son günlərində unudulmaz jestlə şərəflənib.
Ferrari bu günlərdə Sayns üçün unudulmaz sürpriz edib – Fyoranoda iki F1-75 avtomobili ilə xüsusi bir tədbir təşkil edib. F1-75 2022-ci ildə başlayan yeni reqlamentin ilk Ferrari bolidi idi. İlk avtomobil Karlos üçün hazırlandığı halda, ikinci avtomobilin sükanı arxasına onun atası Karlos Sayns Sr keçib. Bu, ata və oğul Sayns üçün unudulmaz xatirə kimi tarixə düşüb. Lakin Ferrarinin jesti bununla məhdudlaşmayıb.
Günün sonunda Ferrari komandası Karlos Saynsa F1-75-in xüsusi versiyasını hədiyyə edib. Bu bolid Saynsın 2022-ci ildə Britaniya Qran Prisini – karyerasının ilk Formula 1 yarışını qazandığı boliddir. Ferrari-nin bu hədiyyəsi Saynsın komandaya xidmətlərinə görə minnətdarlıq əlamətidir.
Bu, Ferrari tarixində yalnız bir neçə pilota verilmiş imtiyazdır. Bundan əvvəl Sebastian Fettel (2015-2020) və Fernando Alonso (2010-2014) Ferrari-dən ayrılarkən Formula 1 bolidi ilə mükafatlandırılmışdılar.
Şərh əlavə et