Kokpit.az bildirir ki, McLaren Formula 1-də yarış qazananda podiumda God Save The King himni çalınır. Lakin RB komandasında çıxış edən Liam Louson buna sərt reaksiya göstərib və bildirib ki, əslində Brus Maklarenin şərəfinə Yeni Zelandiya himni çalınmalıdır.
Lakin McLaren Britaniya bayrağı altında yarışdığl üçün podiumda God Save The King himni oxunur. Amma Yeni Zelandiyadan olan Louson bildirib ki, bazası İngiltərədə olan Red Bull komandası Avstriya lisenziyası ilə yarışır və podiumda Avstriya himni çalınır.
Liam Louson: “Bu heç məntiqli deyil. McLaren Yeni Zelandiya komandasıdır və adı hələ də McLaren-dir. Niyə belə olduğunu hələ də anlamamışam.
Red Bull-un bazası İngiltərədə olsa da, Avstriya himni çalınır. McLaren-in bazası İngiltərədə olsa da, o Yeni Zelandiya komandasıdır. Düzünü desəm, bu əsl axmaqlıqdır”.
Louson Formula 1-dəki çıxışına builki ABŞ yarışından başlasa da, çıxış etdiyi hər dörd yarışdan da xal qazanıb. Hazırda o Red Bull-fa Serxio Peresin yeri üçün ən ideal namizəd kimi göstərilir. O, rəqibləri ilə sərt mübarizədən də çəkinməyib. Hətta Serxio Peres və Fernando Alonso kimi veteran sürücülər də Liamın sərt sürüşündən gileyləniblər.
Liam hətta Meksika yarışında Serxio Peresə orta barmaq göstərmiş və yarışdan sonra Red Bull komandasının rəhbəri Kristian Horner onunla danışmışdı. Bundan sonra Louson Peresdən üzr istədi.
Buna baxmayaraq, Liam Louson bildirib ki, o Formula 1-ə dost tapmağa gəlməyib: “Təbii ki, məqsədim insanlarla düşmən olmaq deyil. Problem çıxarmaq istəmirəm. Amma burada dost olmaq üçün yox, qalib gəlmək üçün yarışıram. İndi də buna köklənmişəm.
Hazırda Mühəndislər Kubokunda 6-cı yer üçün amansız mübarizə aparırıq. Sözün açığı Formula 1-dəki gələcəyim üçün mübarizə aparıram. Buna görə ancaq buna köklənmişəm”.




Şərh əlavə et