Kokpit.az xatırladır ki, Red Bull komandası mövsümə əla başlamış və Maks Ferstappenlə ilk 5 yarışda 4 qələbə qazanmışdı. Lakin son 10 yarış Red Bull üçün elə də yaxşı keçməyib. Onlar bu müddət ərzində 3 yarış qazana biliblər. Son 6 yarış isə “qırmızı öküzlər” üçün lap faciəvi olub. Onlar son 6 yarışda sadəcə 2 dəfə podiuma çıxıblar.
Montsada isə Red Bull komandası ən sürətli 4-cü komanda təəssüratı yaradıb. Maks Ferstappen 6-cı olaraq, builki ən pis nəticəsini göstərib.
Belə olan halda əksəriyyət Maks Ferstappenin 2026-cı ildə Red Bull-da qalmayacağını və böyük ehtimalla Mercedes-ə keçəcəyini iddia edir.
Bu iddialar Helmut Markonun xoşuna gəlməyib. O, jurnalistlərə bu açıqlamanı verib: “2026-cı il üçün nəsə deyə bilmərəm, amma o, gələn il Red Bull komandası üçün yarışacaq”.
Qeyd edək ki, Maks Ferstappenin Red Bull komandası ilə 2028-ci ilə qədər müqaviləsi var. Buna baxmayaraq il başlayandan onun Mercedes-ə keçəcəyi ilə bağlı şayiələr gəzir.
Mercedes komandasının rəhbəri Toto Volff da tez-tez Maks Ferstappenə heyran olduğunu deyir.
Belə görünür ki, Red Bull komandasının trasdakı performansı yaxşılaşana qədər Maks Ferstappen haqqındakı söz-söhbətlər də sona çatmayacaq.
Şərh əlavə et