Xəbəri Kokpitdə Oxuyun!

F.Vassyör: Risk aldıq

Ferrari komandasının rəhbəri Fred Vassyör komandanı əvvəlki illərlə müqayisədə daha çox risk almasını və bolidin inkişafı istiqamətində görülən işləri dəyərləndirib.

Mövsümöncəsi Bəhreyn testlərinin ilk günündən etibarən SF-26 diqqət mərkəzində olub və paddokda “Makarenа” adlandırılan və 180 dərəcə fırlanan arxa qanad dizaynı ilə innovasiyaların flaqmanlarından birinə çevrilib.

Rəqib komandaların öz bolidlərinə inteqrasiya etməyə çalışdığı bu yenilik Ferrari-nin artıq rəqibləri izləyən deyil, texnologiyaya istiqamət verən tərəfə çevrildiyini göstərib.

Frederik Vassyör komandadakı düşüncə tərzinin dəyişməsindən və risk alma siyasətindən danışıb: “Açığı, vəzifəyə gəldiyim ilk gündən etibarən daha çox risk almağımız lazım olduğunu düşünürdüm.

Trasda və trasdan kənarda daha çox risk alaraq başqalarını izləmək əvəzinə fərqli istiqamət seçməli idik.

Strategiyada aqressiv olduğunuz zaman bəzən Barselonadakı kimi dahi hesab olunursunuz, bəzən isə işlər istədiyiniz kimi getmir və tənqidlərin hədəfinə çevrilirsiniz.

Risk aldıqca, riskləri qiymətləndirməkdə və sürətli qərarlar vermək bacarığınızda daha da yaxşılaşırsınız. Bu isə yarışdan yarışa daha güclü olacağımız deməkdir”.

Vassyör komanda daxilində dəstəkverici iş mühitinin yaradılmasının vacibliyini vurğulayıb. O, büdcə limiti şəraitində cəsarətli texniki addımların maliyyə və texniki məsuliyyət daşıdığını da qeyd edib: “İnkişaf sahəsində əldə etdiklərimizdən son dərəcə məmnunam.

Büdcə limiti olduğu halda müəyyən sahəyə sərmayə yatırırsınız və müsbət nəticə əldə etmirsinizsə, məsələ sadəcə məyusluqla bitmir, pulunuzu da itirirsiniz. Bu da sizi ləngidir.

Komandadakı mühəndislərin və əməkdaşların bolid üzərində yeniliklər hazırlayarkən şirkətin dəstəyini arxalarında hiss etmələri çox vacib idi. Ümid edirəm ki, bu proses sadəcə başlanğıcdır və eyni dinamikanı qoruyub saxlaya biləcəyik.

Formula 1-in bir hissəsi də başqalarını kopyalamaqdır. Lakin inkişaf mübarizəsinin bəzi sahələrində flaqmanlıq etməyimiz bizim üçün qürurvericidir”.

Bu yanaşma Şarl Lekler və Lyuis Həmiltonun bu mövsüm qazandığı qələbələrlə nəticəsini göstərib. Bununla da, Ferrari
gələcəkdə çempionluq uğrunda mübarizə aparacaq strukturunu formalaşdırmağa davam edir.

Rauf Hacıyev

Şərh əlavə et