Xəbəri Kokpitdə Oxuyun!

A.Hacar ümidlidir

Biləyindəki zədə səbəbindən Niderland Qran Prisində iştirak edə bilməyən Ayzek Hacar, Monzadakı yarışdan əvvəl səhhəti barədə danışıb.

Fransalı pilot Zandfortdakı yarışdan əvvəl məşq zamanı zədələnmiş və onun biləyindəki sümüklərdən birində kiçik sınıq yaranmışdı. Bu səbəbdən o, Niderland Qran Prisində mübarizə apara bilməmişdi.

Bu hadisədən sonra Liam Louson müvəqqəti olaraq Red Bull-un əsas komandasına keçib, onun Racing Bulls-dakı yerini isə Yuki Tsunoda tutub.

İtaliya və İspaniya Qran Prilərini əhatə edən ardıcıl iki yarışlıq mərhələ öncəsi Red Bull sosial media hesablarında Hacarın son vəziyyəti ilə bağlı yenilik paylaşıb.

Yaşadığı zədədən və bərpa prosesindən danışan Hacar bunları deyib: “Açıq danışsaq, bu, bütün karyeram və həyatım ərzində keçirdiyim ilk zədədir. Buna görə ehtiyatda oturmaq çox qəribə hissdir.

Əlbəttə, nə öz adımdan, nə də komandanın adından bu vəziyyətdən məmnunam. Mən hər dövrədə həmin bolidi sürmək istəyirəm.

Zədələnən nahiyədə şişkinliyin olmaması yaxşı əlamətdir. Vəziyyət sürətlə yaxşılaşır. Hər keçən gün biləyimin hərəkət qabiliyyəti bir qədər artır və Monza üçün kifayət qədər ümidliyəm”.

Red Bull rəhbərliyinin Hacara sağalması üçün mümkün qədər çox vaxt verəcəyi bildirilir. Onun Monzada yarışıb-yarışmayacağı ilə bağlı yekun qərarın çərşənbə günü açıqlanması gözlənilir.

Fransalı pilotun komandanın tələb etdiyi tibbi yoxlamalardan keçə bilməməsi halında isə Zandfortda tətbiq olunan pilot seçiminin Monzada da qorunacağı gözlənilir.

Rauf Hacıyev

Şərh əlavə et