Komandanın rəhbəri Ceyms Vovls 2025-ci ildə Saynsın iki dəfə podiuma yüksəldiyi və gözləntiləri üstələyən mövsümdən sonra əsas sıçrayışı 2026-cı ildə edəcəklərini düşünürdü. Lakin Williams mövsümöncəsi ilk testləri buraxan yeganə komanda olub. Komanda ilk yarış üçün hazırladığı yenilik paketini yalnız dördüncü yarış olan Mayami Qran Prisinə çatdıra bilib və həmin vaxtdan etibarən ağır bolidlə mübarizə aparmalı olub.
Niderland Qran Prisindən əvvəl Williams ilə yeni və çoxillik müqavilə imzalayan ispaniyalı pilot çətin vəziyyətdə olan komandada niyə qalmağı seçdiyi ilə bağlı sualı belə cavablandırıb: “Mən komandaya inanıram. Bunu ən başından bəri deyirəm.
Baş verənlər gözləntilərimə böyük zərbə vurub. Xüsusilə də ötən il əldə etdiyimiz uğurlardan sonra hazırkı vəziyyətə uyğunlaşmaq asan deyil.
Ötən mövsüm gözləntilərimi aşmağımız, düşünürəm ki, bu il üçün gözləntilərimi də olması lazım olduğundan daha yüksək səviyyəyə qaldırıb. Reallıq isə budur ki, bu mövsüm baş verə biləcək bütün problemlərin bir araya gəldiyi tam bir fəlakət ssenarisinə çevrilib.
Ağır və asfaltayatma gücü kifayət qədər olmayan bir bolid hazırlamışıq. Halbuki Formula 1-də bir boliddə əldə etmək istədiyiniz əsas xüsusiyyətlər məhz bunlardır.
Bolidin əsas prinsiplərini düzgün qura bilməmişik. Komandanın bir üzvü olaraq eyni səhvin yenidən təkrarlanmamasını təmin etmək istəyirəm.
Lakin eyni zamanda inandığım bir layihəni yarı yolda qoyub getmək fikrim yoxdur. Pilotun pərdəarxasında çalışan 1000 nəfər əməkdaşa və bütün komandaya olan sədaqətini göstərməsi böyük əhəmiyyət daşıyır.
Heç kimi yarı yolda qoymaq istəmədim. Bu layihəyə özümü həsr etmişəm, buradayam və mübarizəmizi davam etdiririk”.




Şərh əlavə et