Yay fasiləsinin başa çatması ilə 2027-ci il üçün pilot bazarı da canlanmağa başlayıb. Haas gələn mövsüm üçün pilot heyətini hələ rəsmən müəyyənləşdirməyən azsaylı komandalardan biridir.
Oliver Bermanın 2027-ci ildə komandada qalacağı böyük ölçüdə dəqiqləşmiş kimi görünsə də, əsas diqqət Esteban Okona yönəlib. Haas isə bütün mümkün variantları nəzərdən keçirmək niyyətində olduğunu açıq şəkildə nümayiş etdirir.
Komanda 26-28 avqust tarixlərində Portimaoda üç günlük TPC testi keçirib. Haas-ın ehtiyat pilotu Hirakavaya 2025-ci ilin Formula 2 çempionu və McLaren-in inkişaf proqramının pilotu Fornaroli, həmçinin Ferrari-nin gənc pilotlar proqramında yer alan və F2 çempionluğu uğrunda mübarizə aparan Kamara qoşulub.
Üç pilotun hər biri Portuqaliyadakı trasda Haas-ın 2025-ci il Formula 1 bolidi VF-25 ilə dövrələr vurub.
Bu test Haas-ın ötən ay Fucidə keçirdiyi oxşar TPC proqramından sonra təşkil olunub. Komanda həmin testdə Toyota tərəfindən dəstəklənən pilotlar Şo Tsuboi və Nirei Fukuzumiyə özlərini göstərmək imkanı vermişdi.
Portimaodakı TPC testi ilə bağlı əlavə detallar açıqlanmayıb. Bununla belə, testin Haas-ın 2027-ci il pilot heyəti ilə bağlı yekun qərarı verməzdən əvvəl namizədləri qiymətləndirmək planının bir hissəsi olduğu bildirilib.
Haas-ın komanda rəhbəri Ayao Komatsu Niderland Qran Prisindən əvvəl bununla bağlı belə danışıb: “Başqa insanların həqiqətən bizimlə maraqlanması məncə çox gözəldir.
Hazırda çox yaxşı çıxış etmirik. Xal uğrunda mübarizə apara bilmirik. Amma başqa insanların bizim potensialımızı görə bilməsi xoşdur. Müəyyən məhdudiyyətlər çərçivəsində komandanı necə mübarizə apardığımız və inkişaf etdirməyə çalışdığımız istiqamətində irəli aparırıq. Digər pilotların bizimlə maraqlanmasını sadəcə bir kompliment kimi qəbul edirik”.
Komatsu qısamüddətli perspektivdə əsas diqqətin 2026-cı ildə həm bolidin, həm də pilotların potensialını maksimum səviyyədə ortaya çıxarmaq olduğunu vurğulayıb. Onun açıqlamaları Haas-ın gələcək pilot cütlüyünü müəyyənləşdirməkdə tələsməyəcəyinə işarə edir.
Haas Formula 1-dəki qısa tarixində əksər hallarda növbəti mövsüm üçün pilot heyətini açıqlayan son komandalar sırasında olub. Buna görə də 2027-ci il üçün digər komandaların heyətlərinin böyük ölçüdə sabit qalacağı nəzərə alınarsa, Haas-ın yenə oxşar strategiya seçməsi təəccüblü olmayacaq.
Komatsu Zandfortda verdiyi açıqlamada isə belə deyib: “Tələsmirik. Olli və Esteban olmaqla iki pilotumuza fokuslanmışıq və onlardan mümkün olan ən yaxşı nəticəni almağa çalışırıq. Qarşılarında çətin mübarizə var, elə deyilmi? Onların nəyə qadir olduğunu bilirsiniz.
Olli bunu dəfələrlə göstərib. Estebanın da boliddən razı qaldıqda nələr edə biləcəyini bilirsiniz. Buna görə də hazırda əsas məqsədimiz onlara mümkün olan ən yaxşı bolidi və ən uyğun sazlanmanı təqdim etmək, onlardan maksimum nəticə almaqdır.
Hər iki pilotumuz da tamamilə buna fokuslanıb. Buna görə də hazırda bizim diqqətimiz də məhz bunun üzərindədir”.




Şərh əlavə et