Xəbəri Kokpitdə Oxuyun!

Stefano Domenikali: Mövsüm Avropada başa çata bilər

Stefano Domenikali mətbuatla görüşündə 2026-cı ilin ilk yarısını şərh edib, mövsümün qalan hissəsinin təqvimi, reqlament dəyişiklikləri və gələcək planlardan danışıb.

Stefano Domenikali: “Mövsüm çox və çox maraqlı alınır. Trasda çox hadisə baş verir və azarkeşlərin bundan xoşu gəlir. Mövsümün əvvəlindən vəziyyətin necə dəyişməsi sadəcə fenomenaldır. Bu, Formula 1-in istənilən texniki çağırışa reaksiya verə bildiyini göstərir. İlin əvvəlində bəzilərinin titul uğrunda mübarizənin artıq başa çatdığını və Mercedes-in bütün mövsüm boyu dominantlıq edəcəyini dediyini çox yaxşı xatırlayıram.

Əslində isə belə deyil və ilin sonuna qədər hələ çox şey baş verəcək. Qələbələr uğrunda mübarizə apara biləcək başqa komandalar da ortaya çıxacaq. Yarışlar qazana biləcək başqa sürücülər də olacaq. Bütün bu amillər mövsümü çox maraqlı edir və düşünürəm ki, ilin sonuna qədər hamı baş verənləri izləyəcək. Qısa desək, mövsümün ikinci yarısına böyük nikbinliklə baxırıq.”

Domenikali təqvimə qayıdan Sepanq trasını barədə danışıb. Bu tras Bəhreyn Qran Prisini qəbul edəcək. O, həmçinin Yaxın Şərqdəki vəziyyət Qətər və Əbu-Dabidə yarışların keçirilməsinə imkan verməsə, planların necə olacağından danışıb: “Birlikdə Malayziyada Qran Prini keçirmək üçün yeni yol tapmışıq. Bu, əməkdaşlığın və qəbul olunmuş çərçivədən daha geniş düşünməyə hazır olmağın nümunəsidir. Keçmişdə Formula 1-in bir hissəsi olmuş trası qaytarmaq imkanı gördükləri üçün Bəhreyn Krallığına, Qran Pri təşkilatçılarına və Malayziya Krallığına təşəkkür etmək istəyirəm.

Mövsümün sonluğuna gəlincə, bütün maraqlı tərəflərlə əlaqə saxlayırıq. Strukturumuz vəziyyətin necə inkişaf edəcəyini anlamaq və uyğun anda qərar vermək üçün bizə maksimum vaxt saxlamağa imkan verir.

Bu, sentyabrın ortalarından tez baş verməyəcək. Hazırda Qətər və Əbu-Dabi mərhələlərinin təsdiqləndiyini hesab edirik. Amma əlbəttə, sentyabrın ortalarına qədər vəziyyət bizim zəruri saydığımız şəkildə aydınlaşmasa, qərar verəcəyik. Bu kontekstdə təsdiqləmək istəyirəm ki, yuxarıda qeyd olunan iki yarışın keçirilməsi mümkün olmasa, mövsüm Avropada başa çatacaq”.

Formula 1 prezidenti 2027-ci il mövsümünün təqvimi barədə danışarkən bunları deyib: “Hələlik, deyək ki, payızda təqdim olunacaq təqvim adi plan kimi görünür. Amma əlbəttə, Yaxın Şərqdə vəziyyət həll olunmasa, variantlarımız var. Həlledici məqam ilin sonu olacaq, ona görə də düzəlişlər üçün hələ çox vaxtımız var. Gələn il istənilən halda 24 Qran Pri keçirməyə imkan verəcək bir neçə fərqli variant hazırlamışıq.”

Stefano Domenikali texniki reqlament barədə də bir neçə söz deyib: “Artıq qəbul edilmiş dəyişikliklərin effekti müstəsna dərəcədə müsbət olub. Bununla belə, idmanda baş verənləri müzakirə etmək və bütün sürücülərin, komandaların və güc qurğusu istehsalçılarının fikirlərini dinləmək təbiidir.

Düşünürəm ki, reqlamentlə bağlı düzgün qərarlar qəbul edilib. FIA-nın istehsalçıların və sürücülərin şərhlərini dinləməyə hazır olması yaxşıdır. Düşünürəm ki, gələn ilin reqlamentindəki dəyişiklikləri simulyatorda artıq sınaqdan keçirmiş sürücülərə bizim düzgün istiqamətdə hərəkət etdiyimiz aydındır.

Kimi Antonellinin uğuru mövsümün ilk yarısının əsas mövzularından biri olub. Stefano Domenikali gənc italyan sürücünün qələbələrinin Formula 1 üçün nə qədər vacib olduğunu bildirib: “O, gəncdir, hələ çox az təcrübəsi var və başına gələn hər şeyə açıqdır. Kiminin sayəsində çoxlu yeni azarkeşlərimiz yaranıb, çünki o, auditoriya ilə çox yaxşı qarşılıqlı əlaqə qurur. İdman baxımından o, çox güclü olduğunu sübut edib. Unutmaq olmaz ki, maşındakı problemlərə görə iki dəfə mübarizəni dayandırmasaydı, çempionatdakı üstünlüyü daha da böyük olardı. O, çox sabit olduğunu sübut edib.

Əlbəttə, italyan azarkeşlər üçün onun uğurları xüsusilə vacibdir. Həqiqətən əhəmiyyətli nəsə qazanmış son italyan sürücü bunu çoxdan edib. Buna görə də Kimi çempionata yeni ölçü qatıb. Bu gün onun digər sürücülərlə münasibətləri əladır. Əlbəttə, titul qazansa, vəziyyət dəyişə bilər, amma idmanımızın təbiəti belədir. Amma artıq dediyim kimi, onun Formula 1-də özünü necə göstərməsindən çox razıyam. Onu uzun illərdir tanıyıram və o, gələcək, eləcə də birlikdə etdiyimiz hər şey üçün inanılmaz dərəcədə vacibdir.

Domenikali Formula 1 haqqında bədii filmin davamının mümkün çəkilişlərini də şərh edib: “İşlər gedir. Vaxtı və uyğun hekayəni düzgün seçmək lazımdır, amma davam filmini çəkməyi planlaşdırırıq. Hər hansı məlumat yaranarsa və nə vaxt yaranarsa, xəbər verəcəyəm.”

Gilanur Huseynova

Şərh əlavə et