Formula 1 tarixində dünya çempionlarının adları qızıl hərflərlə yazılıb. Şumaxer, Senna, Prost, Həmilton, Alonso Fettel… Onlar kuboklar qazandılar, rekordlar qırdılar, milyonların sevgisini qazandılar.
Amma bir ad var ki, nə dünya çempionu oldu, nə də bir dəfə podiuma qalxdı. Buna baxmayaraq, onun adı Formula 1 tarixində əbədi yaşayacaq, çünki bəzən qəhrəman olmaq üçün finiş xəttini birinci keçmək lazım deyil. Bəzən bunun üçün sadəcə öz həyatını geridə qoymaq kifayət edir. Onun adı Jül Byanki idi.
1989-cu ilin avqustunda Fransanın günəşli Nitsa şəhərində dünyaya göz açan Jül hələ uşaqlıqdan mühərrik səsinin içində böyüyürdü. Yarış onun üçün hobbi deyildi, ailə mirası idi. Babası Mauro Byanki, əmisi Lusyen Byanki və Jan-Pyer Byanki avtoidmanın müxtəlif pillələrində iz qoymuş insanlardı. Sanki taleyi onun üçün yolu əvvəlcədən çəkmişdi.

Kartinqdə ilk dövrələrini vurarkən rəqibləri onun sürətli olduğunu görürdülər. Mütəxəssislər isə başqa bir şeyi görürdülər. Oğlanın sürəti öyrənilmiş deyildi. Onda fitri istedad vardı. Formula Renault, Formula 3, Formula Renault 3.5… Harada yarışırdısa, orada adından danışılırdı.
Ferrari də gecikmədi. 2009-cu ildə Maranello onu öz akademiyasına qəbul etdi. O gündən etibarən paddokda hamı eyni cümləni pıçıldayırdı: “Bir gün Ferrari-nin sükanında bu oğlanı görəcəyik.”

2013-cü ildə xəyal gerçəyə çevrildi. Jül Formula 1 pilotu oldu. Amma arzularındakı qırmızı boliddə yox, Marussia-da. Elə bir komanda ki, yarışdan əvvəl hədəfi podium yox, finiş idi. Bəzən sonuncu olmamaq belə uğur sayılırdı. Ancaq böyük sürücüləri məhz belə komandalar tanıdır.mOnlar zəif maşınla mümkünsüz görünəni mümkün edirlər.
Byanki də bunu etdi. 2014-cü ilin Monako Qran Prisi, dar küçələr, səhvə yer olmayan divarlar və hamının son sıralarda görməyə öyrəşdiyi Marussia.
Yarış bitəndə tabloya baxanlar gözlərinə inanmadılar – doqquzuncu yer. Cəmi iki xal. Kağız üzərində adi görünən bu nəticə əslində dağ boyda uğur idi. Marussia tarixində ilk dəfə xal qazanırdı. Komandanın tarixində ən böyük gün idi.
O iki xal bəlkə də çempionluq xalından daha qiymətli idi, çünki onları Jül Byanki qazandırmışdı. O gündən sonra artıq Ferrari-yə keçidi zaman məsələsi hesab olunurdu.

Fernando Alonso gedəcəkdi. Ferrari yeni lider axtarırdı. Ən çox çəkilən adlardan biri isə məhz Jül Byanki idi.
Gələcək ona məxsus görünürdü. Amma taleyin planları fərqli idi…
5 oktyabr 2014. Suzuka trası. Yağış yağır və asfalt yaşdır.
Adrian Sutilin qəzasından sonra sarı bayraqlar sallanırdı. Bu anda Byankinin bolidi idarəetməni itirdi, trasdan çıxdı və qəza keçirmiş Adrian Sutilin maşınını götürən kranın altına çırpıldı.
Formula 1 maşınları divarlara çırpılır, təkərləri qopur, şassilər sınır, lakin pilotlar ayağa qalxırlar. Amma həmin gün rəqib beton divar deyildi. Həmin gün rəqib tonlarla ağırlığında polad kran idi.
Zərbə çox ağır oldu. Padok bir anda səssizliyə qərq oldu. Televiziya kameraları susdu. Pilotlar danışmırdılar Azarkeşlər dua edirdilər. Hamı eyni möcüzəni gözləyirdi…

Ancaq Jül gözlərini bir daha açmadı. Doqquz ay komada qaldı, bu insan ömründə qısa vaxtdır. Amma Formula 1 üçün sonsuzluq idi. 17 iyul 2015-ci ildə onun ölüm xəbəri bütün dünya eyni kədərlə oxudu. Jül Byanki vəfat etdi. Cəmi 25 yaşında.
Formula 1 isə 21 ildən sonra ilk dəfə yarış qəzası nəticəsində pilotunu itirdi. Onun ölümü təkcə bir ailənin faciəsi olmadı Onun ölümü bütün idmanı dəyişdirdi.
Virtual Safety Car (Virtual Təhlükəsizlik Maşını) sistemi tətbiq edildi. Trasa texniki maşınların çıxma qaydaları yenidən yazıldı. Risk qiymətləndirmələri dəyişdirildi. İllər sonra Halo sistemi təqdim ediləndə çoxları onu bəyənmədi. Bu sistem üçün “Formula 1-in ruhunu öldürür” deyirdilər.
Amma zaman hər şeyi göstərdi. Roman Qrojan alovların içindən sağ çıxdı. Çjou Quanyunun bolidi başıaşağı sürüşərkən sağ qaldı. Neçə-neçə pilot evinə qayıtdı. Bəlkə də onlar bunu heç vaxt düşünmür, Ancaq həmin təhlükəsizlik zəncirinin ilk halqalarından biri Jül Byanki idi.
Bu gün Formula 1-də 17 nömrəni heç kim daşımır. FIA həmin nömrəni əbədi olaraq istifadədən çıxardı. Bu addım rekord qazandığı üçün ya da çempion olduğu üçün atılmamışdı. Çünki bəzi nömrələr artıq rəqəm olmur. Onlar xatirəyə çevrilirlər. Şarl Lekler üçün Jül sadəcə dost deyildi. Uşaqlıq qəhrəmanı idi. Kartinq yollarında birlikdə böyümüşdülər.
Lekler Formula 2 çempionu olanda göyə baxaraq dedi: “Bu titul sənindir, Jül.”

İlk Formula 1 qələbəsini qazandıqdan sonra da radio ilə səsləndirdiyi ilk təşəkkürlərdən biri ona idi. Çünki bəzi insanlar öləndən sonra yox olmurlar. Onlar kiminsə uğurunda yaşamağa davam edirlər…
Formula 1 tarixini yalnız çempionlar yazmır. Bəzən onu yarımçıq qalan talelər yazır. Jül Byanki heç vaxt Ferrari ilə yarışa bilmədi. heç vaxt dünya çempionu ola bilmədi, heç vaxt himn sədaları altında ən yüksək pillədə dayanmadı.
Amma onun sayəsində bu gün başqa pilotlar həmin pilləyə qalxa bilir. Bəlkə də bu, bütün kuboklardan daha böyük mirasdır. Çünki bəzi insanlar yarış qazanırlar, bəziləri isə insanların həyatını.
Jül Byanki… Formula 1 tarixinin ən ağrılı dövrəsini vurdu və finiş xəttini keçə bilməsə də, milyonlarla insanın qəlbində əbədi olaraq yaşadı…




Şərh əlavə et