Kokpit.az xatırladır ki, ispaniyalı sürücü Renault ilə ardıcıl iki dünya çempionluğu qazandıqdan sonra 2007-ci ildə böyük ümidlərlə McLaren-ə keçmişdi. Lakin komandanın akademiyasından yetişən debütant Lyuis Həmilton gözlənilməz dərəcədə güclü performans göstərərək titul uğrunda mübarizəyə qoşulmuşdu.
Həmilton mövsümün ilk 10 yarışının 6-da Alonso-nu qabaqlayandan sonra komanda daxilində gərginlik artmış, pilotlar arasında ayrı-seçkilik edildiyi barədə iddialar gündəmə gəlmişdi.
Alonsonun həmin dövrdəki yarış mühəndisi Mark Sleyd, Piter Vindzorun YouTube kanalına verdiyi müsahibədə bildirib ki, Alonso şəxsi telemetriya məlumatlarının məxfi saxlanılması məsələsində “son dərəcə ciddi” idi.
İspaniyalı pilot hesab edirdi ki, qarajın iki tərəfi arasında məlumatların sərbəst paylaşılması Formula 1-ə yeni qədəm qoyan Həmiltonun işini asanlaşdırır və ona haqsız üstünlük qazandırır.
Lakin McLaren bunun komandanın ümumi maraqlarına zidd olacağını əsas gətirərək bu tələbi dərhal rədd edib.
Həmin mövsüm McLaren titul uğrunda mübarizə aparsa da, sentyabr ayında baş verən məşhur “Spygate” (Casusluq qalmaqalı) səbəbindən Konstruktorlar Çempionatından xaric edilmişdi.
Sleydin sözlərinə görə, telemetriya məlumatlarının məhdudlaşdırılması tələbi əslində Alonsonun McLaren-də gördüyü münasibətdən narazılığının ən açıq təzahürü idi.
Münasibətlər tamamilə pozulduqdan sonra ikiqat dünya çempionu ilk mövsümünün sonunda komandadan ayrılaraq yenidən Renault-ya qayıtmışdı.
Mark Sleyd həmin dövrü belə xatırlayıb: “2007-ci ildə Fernando ilə Lyuis arasında münasibətlərin ən gərgin olduğu vaxt Fernando Lyuisin onun məlumatlarına çıxışının dayandırılmasını tələb etdi, hətta bunu israrla istəyirdi. O deyirdi ki, özü də Lyuisin məlumatlarını görməməyə tam razıdır. Fernando əmin idi ki, hər iki bolidin məlumatlarına çıxış yalnız Lyuisə üstünlük verir. Təbii ki, bu tələb qəbul edilmədi. Fernando da həmin məlumatlara çıxış əldə edirdi. Məncə, etməli olduğu şey həmin məlumatlardan öz performansını artırmaq üçün daha səmərəli istifadə etmək idi. Mühəndis kimi düşünürəm ki, nə qədər çox məlumatınız olarsa, bir o qədər düzgün qərarlar qəbul edər və komandanı daha sürətli edə bilərsiniz. Trasda yalnız komanda yoldaşınızı deyil, bütün rəqiblərinizi məğlub etməyə çalışırsınız”.
Sleyd bildirib ki, Alonso bu məsələyə çox həssas yanaşırdı: Bu məsələni çox ciddiyə alırdı. İstədiyini əldə etmədiyi üçün həqiqətən çox narazı idi. Bu hadisə vəziyyətin nə qədər gərgin və çıxılmaz həddə çatdığını göstərirdi. Onun bu tələbi əslində başqa mövzularda da özünə qarşı ədalətsiz davranıldığını düşünməsinin nəticəsi idi. Bu, yaşanan problemlərdən sadəcə biri idi. Bəlkə də bir qədər emosional yanaşma idi, amma öz baxışına görə ədalətsiz hesab etdiyi vəziyyəti düzəltməyə çalışırdı”.
Telemetriya ilə bağlı bu mübahisənin dəqiq hansı tarixdə baş verdiyi bilinməsə də, Sleyd hadisənin mövsümün ortalarında, məşhur Macarıstan Qran Prisindəki pit yolunda yaşanan insidentdən əvvəl baş verdiyini bildirib.
Kənardan baxıldıqda həmin gərginliyin əsas səbəbkarı kimi daha çox Alonso göstərilsə də, Sleyd münasibətlərin tamamilə pozulmasında Həmilton tərəfinin də ciddi pay sahibi olduğunu vurğulayıb.




Şərh əlavə et