Formula 1 azarkeşlərinin çoxu bu idmanı pilotların gözü ilə izləyir. Startdakı mübarizə, pit-stop strategiyaları, ötmələr, qələbələr… Amma Formula 1 sadəcə 20 pilotdan ibarət deyil.
Bu idman növünün görünməyən tərəfi var. Hər bolidin arxasında yüzlərlə mühəndis, proqramçı, aerodinamika mütəxəssisi, analitik və istehsalat işçisi çalışır. Televiziya ekranında gördüyümüz iki saatlıq yarışın arxasında minlərlə saatlıq zəhmət dayanır.
Bəs Formula 1 mühəndisləri haradan gəlir? Bu sualın cavabı çox vaxt universitetlərdə, texniki institutlarda və ya böyük şirkətlərdə axtarılır. Halbuki son illərdə Formula 1 komandalarının diqqət yetirdiyi daha maraqlı bir məkan var – məktəblər. Daha dəqiq desək, STEM Racing.
Əksəriyyət bu layihəni hələ də köhnə adı ilə – F1 in Schools kimi tanıyır. İlk baxışdan sadə məktəb yarışması təsiri bağışlayır. Bir neçə şagird komanda qurur, kiçik bolid hazırlayır və yarışdırır.
Əslində isə məsələ bundan qat-qat böyükdür. STEM Racing iştirakçıları sadəcə model maşın düzəltmirlər. Onlar əsl Formula 1 komandasının kiçik ölçülü versiyasını yaradırlar. Maşını kompüterdə dizayn edirlər. Aerodinamika üzərində işləyirlər. İstehsalat prosesini öyrənirlər. Sponsor axtarırlar. Büdcə hazırlayırlar. Sosial media hesablarını idarə edirlər. Münsiflər qarşısında təqdimatlar keçirirlər.
Yəni yarışa qədər olan prosesin özü artıq bir məktəb layihəsindən çıxıb peşəkar iş mühitinə çevrilir. Məhz buna görə də Formula 1 komandaları bu yarışa sadəcə şagird əyləncəsi kimi baxmırlar, çünki burada onlar gələcəyin mühəndislərini görürlər.
Bugünkü Mercedes mühəndislərindən Corc Poulter vaxtilə həmin şagirdlərdən biri olub. O, 2013-cü ildə STEM Racing yarışlarında iştirak edirdi. Bu gün isə dünyanın ən uğurlu Formula 1 komandalarından birində mexaniki struktur analizi üzrə çalışır.

Onun qardaşı Maks Poulter də eyni yoldan keçib. Məktəb yarışlarından sonra universitet layihələrinə qoşulub, Formula Student proqramında iştirak edib və hazırda Red Bull-un mühərrik bölməsi olan Red Bull Powertrains-də mühəndis işləyir.
2019-cu ilin dünya çempionu Evolve UK komandasının üzvlərinin taleyi də fərqli olmayıb. Lyuis Fauler hazırda Aston Martin-də aerodinamika mühəndisidir. Corc Stonor isə Red Bull-un mühəndis heyətində yer alır.

Rayan Klabon Mercedes-in mühərrik proqramında çalışır və yarış həftəsonularında Williams komandasının güc qurğularına nəzarət edən mühəndislərdən biridir.
Bu adlar təsadüfi nümunələr deyil. Onların hamısının karyera trayektoriyası təxminən eyni görünür: STEM Racing → universitet mühəndisliyi → Formula Student → Formula 1.
Əlbəttə, STEM Racing-də iştirak edən hər şagird Formula 1-ə çatmır. Necə ki kartinqdə yarışan hər uşaq gələcəkdə Formula 1-də çıxış etmir və ya dünya çempionu olmur. Amma Formula 1 pilotlarının böyük hissəsinin kartinqdən gəldiyini bilirik.
STEM Racing də mühəndislər üçün bir növ kartinq rolunu oynayır. Bu proqramın əsas dəyəri kuboklarda və medallarda deyil. Əsas dəyər odur ki, 15-16 yaşlı bir gənc artıq real layihədə işləməyi öyrənir. Komandada məsuliyyət daşıyır. Təzyiq altında qərar verir. Sponsorla danışır. Təqdimat keçirir. Problemləri həll edir.
Başqa sözlə, CV-yə sadəcə “məktəb layihəsi” yox, real təcrübə əlavə edir. Formula 1 komandalarının da axtardığı məhz budur, çünki mühəndislik yalnız düsturlar əzbərləmək deyil. Mühəndislik problem həll etməkdir. Komandada işləməkdir. İdeyanı məhsula çevirməkdir.
STEM Racing iştirakçıları isə bütün bunlarla universitetə daxil olmamışdan əvvəl tanış olurlar. Bəlkə də bu səbəbdən son illərdə Mercedes, Red Bull, Aston Martin və digər komandaların mühəndis heyətində bu proqramın məzunlarına tez-tez rast gəlinir.
Formula 1-də işləməyin bir yolu kartinq trasından keçir, digər yolu isə bəzən məktəb partasından.




Şərh əlavə et