Aleks Zanardi 1991–1999-cu illər arasında Jordan, Minardi, Lotus və Williams komandalarında ümumilikdə 41 Qran Pridə iştirak edib.
1994-cü ildə ABŞ-a yollanaraq CART seriyasına qoşulan Zanardi Chip Ganassi Racing ilə iki dəfə çempion olub. Xüsusilə 1998-ci il mövsümündə 19 yarışın yeddisini qazanıb, əlavə səkkiz dəfə podiuma çıxaraq dominant performans sərgiləyib və Cimmi Vasseri geridə qoyaraq çempionluğu təmin edib.
Bu uğurdan sonra 1999-cu ildə yenidən Williams-la Formula 1-ə qayıtsa da, komanda yoldaşı Ralf Şumaxer ilə keçirdiyi mövsümdə xal qazana bilməyib. 16 yarışın 10-da finiş görə bilməyən Zanardinin ən yaxşı nəticəsi Monzada əldə etdiyi yeddincilik olub.
2000-ci ildə yarışmayan Zanardi 2001-də Mo Nunn Racing komandası ilə CART Seriyasına qayıdıb. Lakin 15 sentyabr 2001-ci ildə Almaniyadakı Lausitzring trasında keçirdiyi dəhşətli qəza onun həyatını tamamilə dəyişib. Pit çıxışında idarəetməni itirərək trasa çıxan Zanardi təxminən 320 km/s sürətlə Aleks Taglianinin bolidi ilə toqquşması nəticəsində ağır yaralanıb.
Qəza zamanı hər iki ayağını itirən Zanardi qanının təxminən 75 faizini itirib, çanaq sümüyü sınıb və süni komaya salınıb. 20 sentyabrda ayıldılan italyan idmançı 30 oktyabrda Almaniyanı tərk edərək reabilitasiya prosesinə başlayıb. 2003-cü ildə isə qəza zamanı tamamlaya bilmədiyi son 13 dövrəni simvolik olaraq başa vurmaq üçün yenidən sükan arxasına keçib.
Qəzadan sonra avtoidmana qayıdan Zanardi touring car yarışlarında iştirak edib və 2019-cu ildə modifikasiya olunmuş BMW M8 ilə Daytona 24 Saat yarışında çıxış edib. Bundan əlavə, 2006-cı ildə BMW Sauber ilə Valensiyada Formula 1 bolidi idarə edib.
Zanardi qəza sonrası handcycling növünə yönəlib. 2007-ci ildə Nyu-York marafonunda dördüncü olub, 2010-cu ildə isə Roma marafonunun qalibi olub.
2012-ci ildə London Paralimpiya Oyunlarında İtaliya adından çıxış edən Zanardi H4 kateqoriyasında həm fərdi vaxt yürüşündə, həm də şose yarışında qızıl medal qazanıb. İlk qızıl medalını Brands Hatch trasında əldə edib.
2016-ci ilin Rio Paralimpiya Oyunlarında isə H5 fərdi vaxt yürüşündə və H2-5 komanda estafetində daha iki qızıl medal qazanıb. Həmçinin London və Rioda bir gümüş medal əldə edən Zanardi Dünya çempionatlarında ümumilikdə 12 qızıl medal qazanıb.
2020-ci ilin iyun ayında İtaliyada məşq zamanı yük maşını ilə toqquşduqdan sonra ağır yaralanaraq xəstəxanaya yerləşdirilmişdi.
Üz nahiyəsində ciddi travmalar alan Zanardi 2021-ci ilin dekabrına qədər xəstəxanada müalicə alıb, daha sonra reabilitasiyanı evində davam etdirib. Həmin vaxtdan sonra isə ictimaiyyət qarşısında görünməyib.
Ailəsi tərəfindən yayımlanan açıqlamada deyilir: “Dərin kədər hissi ilə Alessandro Zanardinin 1 may axşamı qəfil vəfat etdiyini bildiririk.
Aleks ailəsinin sevgisi ilə əhatə olunmuş şəkildə, sakitlik içində aramızdan ayrılıb. Bu çətin dövrdə dəstək olan hər kəsə təşəkkür edir və yas müddətində şəxsi həyatımıza hörmətlə yanaşılmasını xahiş edirik. Dəfn mərasimi ilə bağlı məlumat daha sonra paylaşılacaq”.

Şərh əlavə et