Xəbəri Kokpitdə Oxuyun!

Horner rəsmən ayrılıb

13 avqustda Kristian Hornerin Red Bull Racing ilə müqaviləsi rəsmən ləğv olunub. Bu barədə Böyük Britaniyada qeydiyyatdan keçmiş şirkətlərin reyestri olan Companies House-da məlumat dərc edilib.

Bununla da müasir Formula 1 tarixinin ən uğurlu komanda rəhbərlərindən biri olan, Red Bull Racing-in rəhbərliyi dövründə altı dəfə Mühəndislər Kubokunu qazanmış 51 yaşlı menecer artıq bu təşkilatda çalışmır.

Onun komanda rəhbərliyindən uzaqlaşdırılması xəbəri ilk dəfə 9 iyulda yayılmışdı. Rəsmi olaraq başqa vəzifəyə keçirildiyi bildirilsə də, son nəticədə tamamilə işdən çıxarılmasının tezliklə reallaşacağı məlum idi.

2005-ci ildə Red Bull şirkəti Ford korporasiyasından Jaguar Racing-in aktivlərini aldıqdan sonra Kristian Horner komandanın rəhbəri təyin olunmuş və bu vəzifəni 20 il ərzində icra etmişdi. Lakin hər şeyin bir sonu var. Artıq Red Bull Racing-ə Loran Mekis rəhbərlik edir.

Red Bull-un Hornerlə yollarını ayırması qismən 2024-cü ilin fevralında baş verən qalmaqalın nəticəsi olub. Həmin vaxt komandanın bir əməkdaşı onu “qeyri-etik davranış”da ittiham etmişdi. Bu xoşagəlməz hadisə həm də Red Bull Racing-in nəticələrinin zəifləməsi ilə eyni dövrə təsadüf etdi. Maks Ferstappen ardıcıl dördüncü titulunu qazansa da, bu, Horneri xilas edə bilmədi.

Companies House məlumatına görə, hələ 8 iyulda Red Bull Racing-in yeni direktoru Ştefan Zaltser təyin olunub. O, 2007-ci ildən Avstriyanın Red Bull GmbH rəhbərliyində yer alır, lakin avtoidman sahəsində iş təcrübəsi yoxdur.

Rauf Hacıyev

Şərh əlavə et