Xəbəri Kokpitdə Oxuyun!

Əfsanələrin yarışını Adil Axundov qazanıb

Əfsanələrin mübarizə apardığı US Legend Cars yarışı Azərbaycan Avtomobil Federasiyasının təşkilatçılığı, Caspian Event Organisers və Bakı Şəhər Halqasının həmtəşkilatçılığı ilə Dövlət Bayrağı Meydanında keçirilib.

Kokpit.az bildirir ki, US  Legend Car Azərbaycan yarışında iştirak üçün 23 sürücü seçmə mərhələyə qoşulub. Bunlardan 12-i əsas yarışda mübarizə aparmağa haqq qazanıb.

  1. Fərid Quliyev
  2. Rəhim Orucov
  3. Adil Axundov
  4. Vişal Romanov
  5. Murad Həsənov
  6. Rüfət Nəsibov
  7. Elvin Xudaverdiyev
  8. Rəhman Şıxəliyev
  9. Tofiq Məmmədəliyev
  10. Elçin Həsənov
  11. Orxan Abdullayev
  12. Amal Dadaşov

Bu 12 sürücü şənbə günü – iyulun 5-də – əsas yarışa çıxıblar. Onlar əvvəlcə sıralanma turunda mübarizə aparıblar. Sıralanma turundan sonra start düzülüşü bu cür formalaşıb:

  1. Fərid Quliyev
  2. Adil Axundov
  3. Murad Həsənov
  4. Orxan Abdullayev
  5. Vişal Romanov
  6. Elçin Həsənov
  7. Rəhim Orucov
  8. Elvin Xudaverdiyev
  9. Rüfət Nəsibov
  10. Rəhman Şixəıiyev
  11. Tofiq Məmmədəliyev
  12. Amal Dadaşov

Sıralanma turundan sonra Dövlət Bayrağı Meydanına toplaşmış azarkeşlər yerli sürücülərin drift şoularını izləyiblər. Drift Şou bitdikdən sonra isə hamının gözlədiyi an gəlib. US Legend Car maşınları start düzülüşünə gəliblər. Azərbaycan Dövlət Himni oxunduqdan sonra sürücülər kokpitə keçiblər.

Pilotlar təhlükəsizlik maşınının araxasında bir dövrə qızdırma dövrəsi vurduqdan sonra yaşıl bayraqlar dalğalanıb və mübarizə başlayıb. Mübarizənin başlaması ilə yarışa beşinci yerdən start verən Vişal Romanov bariyerlərə təmas edib və sarı bayraqların çıxmasına səbəb olub. Marşallar onu yarışa qaytarsalar da, Vişal yenə qəza edərək, mübarizəni dayandırıb. Mübarizəni qəza dayandıran digər sürücü isə Amal Dadaşov olub. Beləliklə, yarışda iştirak edən hər iki debütant sürücü də finiş görə bilməyib.

Daha sonra Tofiq Məmmədəliyev də təkərinin deşilməsinə görə boksa gəlib və mübarizəni dayandırmalı olub.

Yarışa gəldikdə isə pouldan start alan Fərid Quliyev yarışın son dövrələrinə qədər birinci yerdə getsə də, Adil Axundovun və Murad Həsənovun hücumlarına tab gətirə bilməyib və yarışı 3-cü yerdə bitirib. Adil Axundov isə Trofey kolleksiyasına US Legend Car-ın ilk birincilik kubokunu əlavə edib. Murad Həsənov keçən il olduğu kimi bu il də yarışı ikinci yerdə bitirib.

Rəhim Orucov dördüncü, Rəhman Şıxəliyev beşinci yeri tutub. Yarış ərzində bir neçə dəfə geriyə düşmüş Elvin Xudaverdiyev isə damalı bayrağı 6-cı yerdə keçib. Keçən il US Legend Car Azərbaycanın qalibi olmuş Elçin Həsənov isə bu dəfə sonuncu yerdə finiş görüb.

Beləliklə, Azərbaycan Avtomobil Federasiyasının təşkilatçılığı, Caspian Event Organisers və Bakı Şəhər Halqasının həmtəşkilatçılığı ilə ölkəmizdə növbəti avtoidman tədbiri geridə qalıb. Növbəti yarışlardan xəbər tutmaq üçün isə bizi izləyin.

Rauf Hacıyev

Şərh əlavə et