2008-ci ildə başlayan Superleague Formula-nın ideyası sadə, amma kifayət qədər çılğın idi: futbol klublarını yarış avtomobillərinə çevirmək. Hər avtomobil bir futbol klubunu təmsil edirdi. Klubun rəngləri, loqotipi, adı bolidin üzərində idi. Azarkeş üçün isə artıq “mənim komandam” anlayışının sərhədi stadionun tribunası ilə bitmirdi.
Galatasaray, Milan, Liverpul, Roma, Borussia Dortmund, Anderlecht, PSV qələbə uğrunda mübarizə aparırdılar, ancaq onların bu dəfəki qol atmaq yox, finişi daha tez keçmək idi.
Bu, heç də kiçik bir layihə deyildi
İlk mövsümdə 18 avtomobil start götürmüşdü. Çempionatda keçmiş Formula 1 pilotları, GP2 və A1GP sürücüləri də yarışırdı. Robert Dornbos və Antonio Pistonia kimi Formula 1 təcrübəsi olan pilotlar da bu layihəyə gəlmişdilər. Yəni məsələ sadəcə futbol klubunun adını avtomobilə yapışdırmaq deyildi. Bu avtomobillər həqiqətən yarışırdı, həm də ciddi şəkildə.
Milan: Rossonerilər ilk mövsümdə podiumda

Milan layihənin ilk böyük adlarından biri idi. Robert Doornbos və Alessandro Pyer Quidi kimi pilotlar qırmızı-qara bolidin sükanı arxasına keçmişdilər. İlk mövsümün sonunda Milan çempionatda 335 xalla üçüncü yeri tutmuşdu. Qarşısında yalnız Beijing Guoan və PSV Eindhoven vardı. Milanın avtomobili hətta ilk mövsümün iki yarışını qazanmışdı.
Futbolda “Milan” deyəndə ağla San Siro və Çempionlar Liqasındakı uğurlar gəlir. Superleague Formula-da isə Monza, Nürburqrinq, Zolder, Estoril… Eyni klub, amma başqa meydan.
Liverpool: futbol yox, yarış çempionluğu

Əgər Superleague Formula-nın ən böyük futbol uğurunu seçmək lazım gəlsə, cavab Liverpool-dur. “Qırmızılar” 2009-cu ildə çempion olmuşdu.
Adrian Vallesin idarə etdiyi avtomobil mövsümü 412 xalla birinci başa vurmuşdu. Tottenham 382 xalla ikinci, Basel isə 308 xalla üçüncü olmuşdu Beləliklə, Liverpool tarixə bir az fərqli çempionluq da yazmışdı. Ancaq bu dəfə Anfield-də yox, asfaltda. Bu da, Superleague Formula-nın nə qədər ciddi rəqabət yaratdığını göstərirdi.
Tottenham: Premyer Liqadan yarış liderliyinə

Tottenham isə layihənin sonrakı illərində ən güclü komandalardan birinə çevrilmişdi. 2010-cu ildə çempionluğu cəmi iki xal fərqlə qaçırmışdılar. Anderlecht 699 xal toplayaraq çempion olmuşdu. Onu 697 xalla Tottenham, 667 xalla Basel izləmişdi
Yəni futbol dünyasında “Spurs”ün Formula versiyası çempionluq uğrunda son ana qədər mübarizə aparırdı. Həmin mövsümdə Tottenham üç yarış da qazanmışdı. Hətta doğma vətəni olan Silverstounda Kreyq Dolbi ilə qalib gəlməsi Milanın Yelmer Buurmanla ikinci yerdə qalması ilə nəticələnmişdi.
Futbol azarkeşi üçün maraqlı mənzərə idi: Tottenham birinci, Milan ikinci, Flamengo üçüncü, Porto dördüncü, Basel beşinci. Sevilla altıncı, Sporting yeddinci, Roma səkkizinci, Anterlecht doqquzuncu, Atletico Madrid onuncu…
Bu, futbol turnirinin nəticəsi deyil. Bu, yarışın finiş protokolu idi.
Galatasaray: sarı-qırmızı rənglər bu dəfə trasları fəth edirdi

Əlbəttə, bizim üçün ən maraqlı avtomobillərdən biri Galatasaray idi. 2008-ci ildə Alessandro Pyer Quidi sarı-qırmızı avtomobilin sükanı arxasında idi. Sonrakı illərdə Dankan Tappi, Ho-Pin Tunq, Skot Mənsell, Tristan Qommendi, Endi Sucek və Qiakomo Riççi kimi pilotlar da Galatasaray üçün yarışıb.
İlk mövsümdə Galatasaray 3 podium qazananraq, 277 xalla səkkizinci yeri tutmuşdu. 2009-cu ildə isə 1 qələbə ilə 11-ci olmuşdu, 2010-cu ildə bir neçə sürücü dəyişən “aslanlar” iki dəfə podium qazanaraq, mövsümü 13-cü yerdə bitirmişdilər.
Düşünün: Bir tərəfdə Fenürbahçe ilə derbi. Digər tərəfdə isə Liverpool, Milan və Porto ilə eyni yarışda mübarizə. Futbol rəqabəti bu dəfə stadiondan çıxıb traslara daşınmışdı.
Roma: sarı-qırmızıdan qırmızı-sarıya

AS Roma da layihənin ən davamlı komandalarından biri idi. Roma 2008-ci ildən 2010-cu ilə qədər hər mövsüm yarışıb və bütün 48 startda iştirak edən klublardan biri olub. Liverpool da eyni göstəriciyə sahib idi.
Hətta 2008-ci ildə Estorildə Roma bolidi kvalifikasiyanın öz qrupunda birinci olmuşdu. Sükan arxasında Frank Perera. Arxasında isə Porto, Dortmund, Anderlecht, Atlético və Galatasaray kimi komandalar vardı.
Porto və Sporting: Portuqaliya derbisi də trasda

Portuqaliya futbolunun iki böyük adı da bu layihədən kənarda qalmamışdı. FC Porto 2008–2010-cu illərdə, Sporting isə 2009 və 2010-cu illərdə çempionatda yer alıb.
Porto hətta 2009-cu ildə Estorildə Álvaro Parente ilə yarışın ikinci hissəsini qazanmışdı. Sporting isə həmin yarışda finişə çatmışdı. Yəni Portuqaliya derbisinin başqa versiyası da var idi. Bu dəfə top yox, təkərlər və motorlar danışırdı.
Dortmund, Atlético, Sevilla, Rangers…

Superleague Formula-nın gözəlliyi də məhz burada idi. Bir trasın üzərində Almaniya, İspaniya, İngiltərə, İtaliya, Portuqaliya, Türkiyə, Şotlandiya, Braziliya və İsveçrə futbolu bir araya gəlirdi.
Borussia Dortmund, Atlético Madrid, Sevilla, Rangers, FC Basel… Hamısının öz avtomobili vardı.
2008-ci ildə Dortmundun bolidi Nelson Filip, Atlético-nun avtomobili isə endi Sucek tərəfindən idarə olunurdu. Rangers üçün Rayan Dalzel yarışırdı. Hətta 2009-cu ildə Doninqtonda finiş protokoluna baxanda bunu daha yaxşı görmək olur: Basel birinci, Rangers ikinci, Corinthians üçüncü, Milan dördüncü, Tottenham beşinci, Liverpool altıncı, Roma yeddinci, Porto səkkizinci, Atlético doqquzuncu… Bu, demək olar ki, UEFA Çempionlar Liqasının təsadüfi çəkilmiş püşkatmasının yarış nəticəsinə çevrilmiş forması idi.
Braziliya da öz sözünü deyirdi

Bu yarışı maraqlı edən başqa komandalar da var idi: Flamengo və Corinthians.
Braziliyanın iki nəhəngi Superleague Formula-da yarışırdı. Corinthians 2008-ci ildə Andy Sucek və Antonio Pistonia ilə təmsil olunmuşdu. Flamengo üçün isə Tuka Roşa kimi pilot yarışırdı. Beləliklə, Avropanın futbol nəhəngləri ilə Cənubi Amerikanın ən böyük klubları eyni start xəttində idi.
San Paulo, Rio, Milan, London, İstanbul, Liverpul, Madrid, Dortmund. Bir yarış həftəsonunda hamısı bir yerdə idi.
Basel və Sparta Praqa: böyük adların arasında fərqli hekayələr

FC Basel də Superleague Formula-nın vacib komandalarından idi. Hətta 2009 vı 2010-cu illərdə ildə Basel çempionatı üçüncü başa vurmuşdu. 2010-cu ildə komanda 667 xal toplamışdı.
Bu, artıq təsadüfi nəticə deyildi. Basel həqiqətən çempionatın ön sıralarında idi. Sparta Praqa isə daha qısa iştirakla bu böyük futbol-avtomobil layihəsinin tarixində iz buraxan klublardan biri idi.
Bu da Superleague Formula-nın başqa xüsusiyyətini göstərirdi: Burada yalnız Atletico Madrid, Milan və Liverpool kimi qlobal brendlər yox idi. Milli çempionatlarında nəhəng olan, amma beynəlxalq kommersiya baxımından daha kiçik görünən klublar da eyni xəttə çıxa bilirdi.
Lyonnais və Bordeaux: Fransa da gəldi

Fransadan isə Olympique Lyonnais və Girondins Bordeaux layihəyə qoşulmuşdu. Burada maraqlı bir detal var. 2010-cu ildə Lyon-un sükanı arxasında Franda avtoidmanının böyük adlarından biri Sebastien Bourde vardı.
Burde Silverstounda Lyon avtomobili ilə ikinci yarışda qalib gəlmişdi. Yəni Lyon bolidi həmin gün Tottenham, Porto, Basel, Corinthians, Sporting, Atlético və Galatasaray kimi komandaların önündə finişə çatmışdı.
Bordo da həmin yarış həftəsonunun iştirakçılarından idi. Beləliklə, Fransanın iki böyük futbol klubu da bu qəribə futbol-formula eksperimentində öz yerini almışdı.
Və siyahı daha da uzanırdı

Superleague Formula-nın tam iştirakçı siyahısına baxanda adamın bir anlıq gözləri böyüyür:
Milan, Roma, Liverpool, Galatasaray, Porto, Sporting, Tottenham, Dortmund, Atlético Madrid, Sevilla, Rangers, Basel, Flamengo, Corinthians, Lyon, Bordeaux, Sparta Praqa…
Üstəlik: PSV Eindhoven, Olympiacos, Anderlecht, Beijing Guoan, Al Ain və FC Midtjylland.
Ümumilikdə 23 futbol klubu ən azı bir yarışa çıxmışdı. Bu artıq sadəcə yarış çempionatı deyildi, futbol dünyasının asfalt üzərində qurulmuş paralel kainatı idi.
Bəs niyə yox oldu?
Ən böyük sual budur. Çünki ideya möhtəşəm idi. Amma zaman keçdikcə futbol klublarının rolu azalmağa başladı. 2010-cu ildə belə müxtəlif komandalar arasında böyük dəyişikliklər vardı. Pilotlar bir klubdan digərinə keçirdi, bəzi komandalar layihədən ayrılır, yeniləri gəlirdi. 2011-ci ildə isə futbol klublarının iştirakı faktiki olaraq əvvəlki səviyyədə qalmadı və çempionat cəmi iki raunddan sonra tarixə çevrildi.
Bəlkə də Superleague Formula-nın problemi ideyanın pis olması deyildi, əksinə, bəlkə də ideya öz dövrünü qabaqlamışdı.
Bu gün futbol klubları avtomobil şirkətləri ilə əməkdaşlıq edir, Formula 1 komandaları ilə sponsorluq müqavilələri bağlayır, sürücülər futbol matçlarına gedir, futbolçular yarışlara maraq göstərir.
Ancaq bir vaxtlar bunların hamısını birbaşa birləşdirən çempionat var idi. Bir neçə böyük futbol klubunun maşınları yarışırdı və ən maraqlısı odur ki, həmin liqada Beijing Guoan, Liverpul və Anderlext çempion olmuşdu.

Şərh əlavə et