Xəbəri Kokpitdə Oxuyun!

C.Klarksona xərçəng diaqnozu qoyulub

Dünyaca məşhur keçmiş Top Gear verilişinin aparıcısı Ceremi Klarkson özünün “Clarkson’s Farm” proqramının mövsüm finalında prostat xərçənginə tutulduğunu açıqlayıb.

Riçard Hammond və Ceyms Mey ilə birlikdə təqdim etdiyi əfsanəvi Top Gear proqramı ilə tanınan britaniyalı televiziya ulduzu Ceremi Klarksondan kədərli xəbər gəlib.

2002-ci ildən 2015-ci ildə proqramdan ayrılanadək Top Gear-ın simalarından biri olan Klarkson, özünün hazırkı layihəsi olan Clarkson’s Farm verilişinin son bölümündə ona prostat xərçəngi diaqnozu qoyulduğunu açıqlayıb.

Verilişində Lyuis Həmilton, Sebastian Fettel, Mixael Şumaxer və Daniel Rikkiardo kimi Formula 1 ulduzlarını qonaq edən və avtoidman dünyası ilə sıx əlaqələri olan 66 yaşlı aparıcı bölüm yayımlanmadan əvvəl sosial şəbəkədə bunun izləməsi çətin olacaq bir epizod olduğunu da qeyd etmişdi.

Müalicə prosesi çərçivəsində prostat vəzinin bir hissəsinin əməliyyatla götürüldüyünü bildirən Klarkson vəziyyətini belə izah edib: “Son həftələrdə diqqətdən uzaq bir yerə gedərək biopsiya etdirdim. Nəticə xərçəng çıxdı. Bu, aqressiv bir növdür, amma xoşbəxtlikdən çox erkən mərhələdə aşkarlanıb. Prostatın təxminən 10 faizlik hissəsi, yəni xərçəngin yerləşdiyi həmin sahə artıq yoxdur. Əməliyyat olunmuşam və indi sadəcə bunun nəticə verməsi üçün dua edirik. Hələlik dəqiq nəticəni bilmirik”.

Mövsüm finalı aparıcının xəstəxana çarpayısından etdiyi emosional və özünəməxsus yumorla qarışıq çıxışı ilə başa çatıb: “Beşinci mövsümə mən xəstəxana çarpayısında olarkən başlamışdıq və indi beşinci mövsümün sonuna çatmışıq, yenə də xəstəxana çarpayısındayam. Deyək ki, müalicənin bir hissəsi planlaşdırıldığı kimi getmədi. Buna görə bir müddət də burada qalacağam.

Hazırda ağız yolu ilə qidalanmağım qadağandır və bundan sonra nə olacağını tam bilmirəm. Amma əgər bütün bu proses uğurla nəticələnsə, altıncı mövsümdə yenidən görüşərik. Əgər nəticələnməsə, görüşə bilməyəcəyik. Hər kəs özünə yaxşı baxsın”.

Rauf Hacıyev

Şərh əlavə et