Xəbəri Kokpitdə Oxuyun!

FİA-da növbəti ayrılıq

FİA-nın uyğunluq direktoru Paolo Basarri işindən qovulub.

Formula 1 Yarış Direktoru Nils Vittixin qəfil gedişindən cəmi bir neçə gün sonra digər əsas fiqur olan uyğunluq üzrə direktor Paolo Basarri də FİA ilə yollarını ayırıb.

BBC-nin məlumatına görə FİA-da harmoniya və bütövlüyün təmin edilməsinə cavabdeh olan Basarri prezident Mohammed Ben Sulayimin etimadını itirib. Buna görə də o, vəzifəsindən uzaqlaşdırılıb. Basarri FİA prezidentinin müxtəlif tələblərini geri çevirib və nəticədə vəzifəsi əldən gedib.

Paolo Basarri vəzifədən uzaqlaşdırılması barədə ətraflı məlumat verməkdən qaçıb: “Bu barədə heç bir şərh verə bilmərəm”. FİA da bu barədə açıqlama verməyib.

Qeyd edək ki, bir neçə gün əvvəl Formula 1-in Yarış Direktoru Nils Vittixin də vəzifəsindən istefa verdiyi deyilirdi, amma sonradan almaniyalı mütəxəssis bildirmişdi ki, o istefa verməyib və işindən qovulub. Bu da FİA-da şəffaflığın olmadığını göstərir.

Basarrinin getməsi xüsusilə bu ilin əvvəlində Ben Sulayem haqqında irəli sürülən ciddi iddiaların araşdırılmasındakı rolu ilə əlaqədardır. İtalyan mütəxəssisə FIA prezidentinin 2023-cü ildə Səudiyyə Ərəbistanı və Las Veqas Qran Prilərinin nəticələrinə müdaxilə etdiyinə dair iddiaları araşdırmaq tapşırılmışdı. FİA-nın etika komitəsi sonda Ben Sulayemi bu ittihamlardan azad etsə də, Basarrinin gedişi istintaqın müstəqilliyi ilə və mümkün təzyiqlərlə bağlı suallar yaradır.

Basarri və Vittixin ayrılması əlaqəsiz hadisələr deyil. Son aylarda FIA idman direktoru Stiv Nilsen, FİA Qadınlar Komissiyasının prezidenti Deborah Mayer, baş mühəndis Tim Qoss, baş direktor Natali Robin, kommunikasiya direktoru Lyuk Skipper və mobillik üzrə baş katib Yakob Banqsqard da daxil olmaqla bir çox yüksək səviyyəli mütəxəssisin getdiyini görmüşük. Bu ayrılıqlar Ben Sulayemin rəhbərliyi ilə bağlı mübahisələrlə birləşərək FİA-ya kölgə salıb. Bu hal artıq Formula 1 ixtimaiyyətini narahat etməyə başlayıb.

Rauf Hacıyev

Şərh əlavə et