Xəbəri Kokpitdə Oxuyun!

Belçika F3: Sleyterdən ardıcıl ikinci poul

Trident komandasının pilotu Freddi Sleyter Spa-Frankorşam trasında keçirilən Formula 3 təsnifat mərhələsində ən yaxşı nəticəni göstərib. Britaniyalı pilot ardıcıl ikinci yarış həftəsonuna pouldan start almaq hüququ qazanıb.

30 dəqiqəlik təsnifatın əvvəlində Belçika trasının bəzi hissələrinə zəif yağış yağıb. Buna baxmayaraq, bütün pilotlar ilk cəhdlərinə slik təkərlərlə çıxıblar.

Yağış ilk sürətli dövrəyə mane olmayıb. Freddi Sleyter 2:05.150 nəticə ilə sessiyanın ən sürətli pilotu olub. Ondan 0,2 saniyə geri qalan Tuukka Taponen ikinci, Hiyu Yamakoşi isə üçüncü yeri tutub.

Pilotlar boksa qayıtmayaraq sürətli dövrələrini davam etdiriblər. Lakin ilk üçlüyün nəticəsini heç kim yaxşılaşdıra bilməyib. Bununla belə, Noy Stromsted dördüncü yerə yüksələrək Ernesto Riveranı geridə qoyub.

İkinci sürətli dövrədən sonra pilotlar təkərləri soyutmaq üçün trasda qalıblar. Peloton demək olar ki, tam şəkildə bir yerə toplaşdığı üçün bəzi pilotlar boksa qayıdıb, digərləri isə sıx trafik şəraitində növbəti cəhdə başlayıblar. Nəticədə heç kim üçüncü sürətli dövrəsini tamamlaya bilməyib və hamı boksa dönüb.

Sessiyanın bitməsinə 15 dəqiqə qalmış pilotlar yeni slik təkərlərlə yenidən trasa çıxmağa başlayıblar. Güclü yağış başlamadığı üçün hamı nəticəsini yaxşılaşdıracağına ümid edirdi.

Lakin pilotlar yenidən sıx qrup halında sürətli dövrəyə başlayarkən gözlənilən hadisə baş verib. Noy Stromsted, Evan DevidHiyu Yamakoşi toqquşublar. Qəza səbəbindən sessiya qırmızı bayraqlarla dayandırılıb.

Qəzaya uğramış bolidlərin trasdan çıxarılması və qırıntıların təmizlənməsi uzun çəkib. Bu arada yağış da gücləndiyi üçün təsnifatın bərpasından imtina olunub.

Beləliklə, təsnifatın qalibi Freddi Sleyter olub. Çempionatın lideri Uqo Uqoçukvu isə doqquzuncu nəticə göstərib.

Sprint yarışında reversiv start düzülüşü tətbiq olunacaq. İlk 12 yeri tutan pilotlar şənbə günü yarışa əks ardıcıllıqla başlayacaqlar. Beləliklə, sprintə poul mövqeyindən Cin Nakamura start verəcək. Onunla birlikdə ilk cərgədən Taito Kato yarışa başlayacaq.

Rauf Hacıyev

Şərh əlavə et