Kanada Qran Prisindən dərhal sonra Ferrari komandası Pirelli ilə birlikdə Fyorano trasında iki günlük test proqramına start verib. İtalyan komandası 2026-cı il mövsümü üçün hazırlanmış yeni təkər tərkiblərini sınaqdan keçirmək məqsədilə öz ev trasına qayıdıb.
Testin ilk günündə sükan arxasına Ferrari-nin test və ehtiyat pilotu Quanyu Çjou keçib. Çinli sürücü SF-25 bolidi ilə 159 dövrə tamamlayıb. Onun quru təkərlərlə ən yaxşı dövrəsi 59.820, keçid təkərləri ilə ən yaxşı nəticəsi isə 1:07.400 olub. Sessiyada həm yağış, həm də keçid təkərlərin testinə fokuslanılıb.
Testin ikinci günündə Ferrari-nin sükanı arxasına Şarl Lekler keçib. Kanadada yaşadığı məyusluğun ardından Lekler SF-25 bolidi ilə yeni tərkiblərin performansını qiymətləndirmək üçün Fyoranoda dövrələr vurub.
Monrealda Ferrari sıralanma turunda güclü görünsə də, yarışda gözlənilən nəticəni əldə edə bilməmişdi. Lekler yarışa 8-ci yerdən başlamış və təkərlərə yaxşı nəzarət etməsinə baxmayaraq, yalnız beşinci yeri tuta bilmişdi. Komanda yoldaşı Luis Həmilton isə yarışa 5-ci yerdən başlasa da, trasda bir dağ siçanı ilə toqquşma səbəbilə altıncı yerdə finiş görmüşdü.
Ferrari, çətin keçən Kanada yarışından sonra inkişaf işlərini sürətləndirərək 2026-cı il mövsümünə erkən hazırlıqlara başlayıb.
Şərh əlavə et