Xəbəri Kokpitdə Oxuyun!

F.Alonso: Hər şey tərsinə getdi

Aston Martin komandasının sürücüsü Fernando Alonso növbəti dəfə xalsız qaldıqdan sonra məyus olduğunu bildirib.

Kokpit.az xatırladır ki, ispaniyalı sürücü İmola yarışına 5-ci yerdən başlasa da, səhv strategiyanın qurbanı olub. Komandası onu erkən pitə alaraq, iki pit-stoplu strategiya seçib və yekunda veteran pilot yarışı 11-ci yerdə bitirərək, xalsız qalıb.

Fernando Alonso: “Bu gün maşın doğrudan da güclü idi. Yarışa yaxşı başladıq və həm Norrisi, həm də Rasselli izlədik.

Əslində Rassell ikimizdən də yavaş idi. Özümü ön qrupda rəqabətədavamlı görəndə gözlərimə inana bilmədim.

Daha sonra pitə girdik. Əslində altıncı ya da yeddinci yerdə ola bilərdik. Ancaq virtual təhlükəsizlik maşını dövrəyə girdi. O ana qədər pitə girməyənlər demək olar ki, vaxt itirmədən təkərlərini dəyişdirdilər. Onlar pitdən bizdən qabaqda və yeni təkərlərlə çıxdılar. Yarış orada bizim üçün bitdi.

Yarış üçün 100 ssenari yazsaq, 99-undan xal qazanardıq. Birini çıxmaq şərti ilə. O da başımıza gəldi. Ümid edirəm ki, növbədə heç layiq olduğumuz yarışda bəxt bizim yanımızda olar və xal qazanarıq. Ancaq bu yarışda olanlar ədalətli deyildi”.

Fernando Alonso FİA-nın yarışdakı virtual təhlükəsizlik maşını və təhlükəsizlik maşını qərarlarını da tənqid edib: “Əslində iki oxşar hadisə yaşandı. Biri üçün virtual təhlükəsizlik maşını çıxdı. Digəri üçün çıxmadı. Nəticədə trasdan bir maşın çıxarılırdı və marşallar onu itələyirdilər. Bu ya virtual ya da real təhlükəsizlik maşını tələb edir. Amma bizim üçün hər şey səhv yerdə və səhv zamanda oldu”.

Veteran pilot yarış zamanı özünü “dünyanın ən bəxtsiz pilotu” adlandırıb: “Nə hiis edəcəyimi bilmirəm. Mövsüm ərzində güclü idik. Avstraliyada 11-ci oldum. Daha sonra yarışda əyləclərim yandı və mübarizəni vaxtından əvvəl dayandırdım. O yarışda üç pilot diskvalifikasiya olundu. Mayamidə quru hava təkərinə keçmədik. İmolada isə maşınımız güclü idi və layiq olduğumuz xalı qazana bilərdik. Ancaq virtual təhlükəsizlik maşını çıxdı. İlk yeddi yarışda 12 ya da 13-cü yeri tutduq. O vaxt bir dəfə belə bu maşın çıxmadı. Karyeram ərzində həmişə pis tərəfdə oldum. Ortalama həftəsonu keçirən pilotlar belə beşliyə düşdülər”.

43 yaşlı pilot virtual təhlükəsizlik maşını zamanı pitə girməmə qərarını belə açıqlayıb: “O anda xal zonasında deyildik. Belə qərarları o anda vermək çətin olur. Ancaq yarışın sonlarında maşınımız çox güclü idi. Son doqquz dövrədə Niko Hülkenberq, Liam Louson və Pyer Qaslini keçdim. Bu, bizim üçün ümid verən haldır. Ancaq sonda xal qazana bilmədik”.

Rauf Hacıyev

Şərh əlavə et