Sprint yarışı hava şəraitinə görə gec başladığından, sıralanma turu da 15 dəqiqə gecikdirilib. Bu vaxt tras artıq tamamilə quruyub.
İlk sessiyada hamı Soft təkərlərlə mübarizəyə qoşulub. Elbon pit-leyndə Hacarın qarşısını kəsib və buna görə sonradan xəbərdarlıq alıb. Norris divara sürtünüb, Qasliyə tıxac mane olub. Protokollara 1:26.870-lik nəticə ilə Ferstappen başçılıq edib. Berman, Stroll, Qasli, Alonso və Hülkenberq mübarizəni erkən dayandıran sürücülər olublar.
İkinci sessiyada yenə hamı yumşaq təkərləri seçib. Piastri ilk cəhddində ən yaxşı nəticəni göstərib – 1:26.269. Avstraliyalı sürücü ikinci cəhdinə çıxmayıb, qalanları isə mübarizəni davam etdirib. Həmilton təkərlərini bloklayıb və nəticəsini yaxşılaşdıra bilməyib. Piastrinin dövrəsi ən yaxşı olaraq qalıb. Louson, Duen, Bortoleto, Həmilton və Hacar ilk onluğa düşə bilməyiblər.
Son sessiyada Lekler 17-ci döngədə trasdan çıxıb və dövrəni başa vurmadan geri qayıdıb. Rassell və Norris təkərləri blokladıqları üçün vaxt itiriblər. Ferstappen ilk cəhdində üstün olub, McLaren-dən olan həmkarları onu izləyiblər. Niderlandlı sürücü ikinci cəhdində trasın mütləq rekordunu müəyyən edib – 1:26.204. Norris 17-ci döngədə səhvə yol verib.
Beləliklə, Maks Ferstappen mövsümdə üçüncü, karyerasında isə 43-cü poulunu qazanıb. Sabah yarışa onunla ən öndən əsas rəqiblərindən biri olan Lando Norris başlayacaq. Kimi Antonelli Oskar Piastrini üstələdiyi üçün ikinci cərgədə öndə olacaq, avstraliyalı sürücü isə onun yanından yarışa başlayacaq. Üçüncü cərgə Corc Rassell və Karlos Saynsındır. Aleksander Elbon və Şarl Lekler onların arxasında olacaq, ilk onluğu isə Esteban Okon və Yuki Tsunoda tamamlayır.
Geridə qalan bütün sessiyaların maraqlı keçməsi bizə maraqlı yarış gözləməyə əsas verir. Üstəlik yağış ehtimalının da heç az olmadığını nəzərə alsaq, nikbin yanaşa bilərik. Bütün suallara cavab Bakı vaxtı ilə gecəyarı – 00:00-da başlayacaq yarışda tapılacaq…
Şərh əlavə et