Xəbəri Kokpitdə Oxuyun!

H.Marko: Lousonu seçmək səhv idi

Red Bull şirkətinin idman məsləhətçisi Helmut Marko bildirib ki, Liam Lousonu seçməklə böyük səhv ediblər.

Avstriya təmsilçisi keçən ilin sonunda müzakirəyə açıq bir qərar verərək, gənc Liam Lousonu Serxio Peresin yerinə gətirmişdi. Niyə müzakirəyə açıq qərar? Çünki əksəriyyət düşünürdü ki, meksikalı sürücünün yeri üçün ən ideal namizəd Yuki Tsunodadır. Buna səbəb yaponiyalı sürücünün daha təcrübəli olması idi. Doğrudan da yaponiyalı sürücü 2021-ci ildən Formula 1-də çıxış edirdi və son iki ildə qənaətbəxş nəticələr alırdı.

Buna baxmayaraq Red Bull komandası inanırdı ki, onlar Liamı seçməklə düz ediblər. Lakin 2025-ci il mövsümünün ilk iki yarışından sonra yeni zelandiyalı pilot ümidləri doğrultmayıb. O, sıralanma turlarında ikinci sessiyaya belə keçə bilməyib və yarışlardan xalsız ayrılıb.

Yeni zelandiyalı pilot Avstraliyada qəza edərək mübarizəni vaxtından əvvəl dayandırıb. Şanxayda isə sprint yarışında 14-cü, əsas yarışda 12-ci yerləri tutub.

Digər maşında çıxış edən Maks Ferstappen isə ilk iki mərhələdən sonra 36 xal toplayıb və Sürücülər Çempionatında ikinci yerdədir.

Əslində Çin yarışından sonra Yuki Tsunodanın Red Bull komandasında Liam Lousonu əvəzləyəcəyi ilə bağlı iddialar artmışdı. Nəhayət “qırmızı öküzlər” dünən bu transferi açıqlayıblar.

Helmut Marko: “Yuki çox qeyri-stabil idi. Buna görə də Liamı seçdik. Ancaq təzyiq artdıqca gözləniləntiləri qarşılaya bilmədi.

Rinqdə zərbə alan boksçu kimi yıxılmağa başladı və ondan sonra özünə gəlməsi çətin olacaqdı. Buna görə də Lousonu seçmək səhv addım idi”.

Rauf Hacıyev

Şərh əlavə et