Xəbəri Kokpitdə Oxuyun!

Rəsmi: Tsunoda Red Bull-da yarışacaq

Red Bull komandası ilk iki yarışda ümidləri doğrultmayan Liam Lousonu yenidən Racing Bulls-a qaytarıb və onun əvəzinə Yuki Tsunodanı transfer edib.

Avstriya təmsilçisi keçən ilin sonunda müzakirəyə açıq bir qərar verərək, gənc Liam Lousonu Serxio Peresin yerinə gətirmişdi. Niyə müzakirəyə açıq qərar? Çünki əksəriyyət düşünürdü ki, meksikalı sürücünün yeri üçün ən ideal namizəd Yuki Tsunodadır. Buna səbəb yaponiyalı sürücünün daha təcrübəli olması idi. Doğrudan da yaponiyalı sürücü 2021-ci ildən Formula 1-də çıxış edirdi və son iki ildə qənaətbəxş nəticələr alırdı.

Buna baxmayaraq Red Bull komandası inanırdı ki, onlar Liamı seçməklə düz ediblər. Lakin 2025-ci il mövsümünün ilk iki yarışından sonra yeni zelandiyalı pilot ümidləri doğrultmayıb. O, sıralanma turlarında ikinci sessiyaya belə keçə bilməyib və yarışlardan xalsız ayrılıb.

Yeni zelandiyalı pilot Avstraliyada qəza edərək mübarizəni vaxtından əvvəl dayandırıb. Şanxayda isə sprint yarışında 14-cü, əsas yarışda 12-ci yerləri tutub.

Digər maşında çıxış edən Maks Ferstappen isə ilk iki mərhələdən sonra 36 xal toplayıb və Sürücülər Çempionatında ikinci yerdədir.

Əslində Çin yarışından sonra Yuki Tsunodanın Red Bull komandasında Liam Lousonu əvəzləyəcəyi ilə bağlı iddialar artmışdı. Bu gün isə o iddialar reallaşıb və yaponiyalı sürücü öz ölkəsində keçiriləcək yarışda Red Bull komandasında debüt edəcək.

Bu dəyişikliyin əsas səbəbi kimi Yuki Tsunodanın daha təcrübəli olması göstərilir. Yaponiyalı sürücü bu təcrübə hesabına Maks Ferstappenlə birlikdə RB21-i təkmilləşdirə bilər.

Bundan başqa bu qərarı Kristian Horner təkbaşına almayıb. Bütün komanda müzakirə apararaq, ortaq qərara gəliblər.

Rauf Hacıyev

Şərh əlavə et