Xəbəri Kokpitdə Oxuyun!

Albert Parkda dəyişikliklər edilib

2023-cü ildə baş verən qəzalardan sonra Albert Parkın 6-cı döngəsində dəyişikliklər edilərək təhlükəsizlik artırılıb.

2025-ci il Formula 1 üzrə Avstraliya Qran Prisindən əvvəl Albert Parkda 6-cı döngədə baş verən qəzalardan sonra təhlükəsizlik baxımından əhəmiyyətli təkmilləşdirmələrin edildiyi açıqlanıb. Keçən il Corc Rassel yarış zamanı ciddi qəzaya uğradıqdan və Aleks Elbon praktikada maneələrə çırpılaraq qırmızı bayraqlara səbəb olduqdan sonra FIA bu döngədə təkmilləşdirmələrə ehtiyac olduğunu bildirmişdi.

Avstraliya Qran Prisi şirkətinin tədbirlər üzrə direktoru Tom Mottram  dəyişiklikləri izah edib. 6-cı döngəyə yeni kerb tətbiq edilib. Əvvəllər 50 metrə yaxın olan kerb indi 90 metrlik neqativ kerblə əvəz olunub.  Bundan əlavə, süni ot örtüyü sökülərək bariyer xətti iki metr geri çəkilib.  TecPro briyerləri isə uzadılıb. Bariyerlərin yerini dəyişdirməkdə əsas səbəb qəzadan sonra avtomobilin trasa qayıtma ehtimalını azaltmaqdır.

FIA və yerli təşkilatçılar  döngənin sürətini bir qədər azaltmaq istəsələr də, döngənin xüsusiyyətlərini qoruyub saxlamağa çalışıblar. Bundan başqa tempi yaxşılaşdırmaq üçün 7-ci döngəyə keçiddəki kerbləri də dəyişdiriblər.

Qeyd edək ki, 2025-ci ilin Avstraliya Qran Prisi 13-16 mart tarixlərində keçiriləcək. Formula 1-dən başqa dəstək yarışları olan Formula 2 və Formula 3 də keçiriləcək. Yerli tədbirlərdən isə Supercars və Porsche Carrera Cup Australia seriyaları təşkil ediləcək.

Rauf Hacıyev

Şərh əlavə et