Xəbəri Kokpitdə Oxuyun!

Əbu Dabi vidalar yarışı olacaq

Əbu Dabi Qran Prisi bəzi vidalara səhnə olacaq.

Kokpit.az xatırladır ki, 2024-cü il mövsümü Əbu Dabu Qran Prisi ilə bitəcək. Mövsümün son yarışı bəzi vidalarla yadda qalacaq. Bunlardan birincisi Lyuis Həmiltonun Mercedes-ə vidası olacaq. İlin əvvəlində Ferrari ilə müqavilə bağlayan yeddiqat Dünya Çempionu Mercedes ilə son yarışına çıxacaq. Buna görə də həm Mercedes, həm də Lyuis üçün emosional həftəsonu ola bilər.

Həmilton ilə anlaşan Ferrari isə Karlos Saynsa vida edəcək. İspaniyalı sürücü növbəti mövsümdən etibarən Williams ilə mübarizə aparacaq.

Haas komandası iki pilotu ilə birdən yollarını ayıracaq. Kevin Maqnussen Formula 1-dən ayrılacaq, Niko Hülkenberq isə yeni mövsündən etibarən Sauber komandasında yarışacaq.

Sauber komandası da iki sürücüsü ilə birdən yollarını ayıracaq. Burada həm Quanyu Çjou, həm də Valtteri Bottas son yarışlarına çıxacaqlar.

Alpine komandasında Esteban Okon da bu həftəsonu vida edəcəkdi, ancaq tərəflər anlaşdıqları üçün Okonun vidası elə Qətər yarışında reallaşıb. Fransalı pilot yeni mövsümdən Haas komandasının şərəfini qoruyacaq.

Bundan başqa Serxio Peres böyük ehtimalla Red Bull komandasında son yarışına çıxacaq və onu çox güman ki, Liam Louson əvəz edəcək.

Rauf Hacıyev

Şərh əlavə et