Xəbəri Kokpitdə Oxuyun!

Macarıstan-2023: Yarışa da narıncı damğa!

Macarısran Qran Prisi adətən darıxdırıcı adlandırılır və bu, çox vaxt özünü təsdiq edir. Sürücülər də artıq yay tətilinin astanasındadırlar və sadəcə sükanı tutaraq finişə çatmaq istəyirlər. Lakin bunun üçün daha bir həftə gözləmək lazımdır.

Kokpit.az xatırladır ki, Karlos Sayns ilk, Lando Norris isə növbəti 2 sərbəst yürüşlərin qalibi olub. McLaren-in britaniyalı sürücüsü bu üstünlüyünü sıralanma turunda da davam etdirib – Red Bull-un gətirdiyi yeniliklər Maks Ferstappenin onu üstələməsi üçün kifayət etməyib.

Pirelli bura ən yumşaq üçlüyü – C3, C4 və C5 təkərlərini gətirib. Rassell, Peres, Qasli sərt, Alonso, Stroll, Elbon və Maqnussen yumşaq, qalan hamı isə orta təkərlərlə başlayıb. Start düzlüyündə ilk cərgəni McLaren sürücüləri, ikinci cərgəni Ferstappenlə Sayns, üçüncü cərgəni isə Həmiltonla Lekler tutub.

Startda Norris ləngiyib, daha sonra maşını komanda yoldaşına tərəf çəkib, lakin bu Piastrinin liderliyə yüksəlməsinə mane olmayıb. Ferstappen Norrislə yan-yana gəlib, lakin trasdan çıxıb və onun önündə geri qayıdıb. Sayns 3 yer itirib.

Bir qədər sonra Karlos həmyerlisi Alonsonu geridə qoyub və itirdiyi yerlərdən birini bəroa edib. Ferstappen isə sürətini azaldaraq Norrisi irəli buraxıb. 2-ci dövrədə ilk onluq: Piastri – Norris – Ferstappen – Həmilton – Lekler – Sayns – Alonso – Stroll – Elbon – Maqnussen.

Yumşaq təkərlərlə başlayan sürücülər artıq 7-ci dövrədə pit-stopa çağrılıblar. 7-8 dövrə sonra isə digərləri onları izləyiblər – Stroll, Həmilton, Bottas və Norris 15-ci dövrədən etibarən növbəti pit-stop dalğasını başladıblar. Liderlər qrupundan Piastri 2, Ferstappen isə 4 dövrə sonra onlara qoşulub.

Rassell Saynsı irəli buraxıb. Alonso Hülkenberqi geridə qoyub. Peres, Qasli, Rikkardo, Tsunoda, Elbon, Hülkenberq, Rassell, Okon və Sarcent 30-cu dövrədən etibarən yeni təkərlərə keçiblər. Ferstappen üçüncülük uğrunda Həmiltona hücum edib, lakin yenə trasdan çıxıb və geridə qalıb.

Qasli hidravlik sızmaya görə 36-cı dövrədə mübarizəni dayandırıb. 2 dövrə sonra Alonso və Çjou pit-stop ediblər. Lekler mübarizə aparan Həmilton və Ferstappenə yaxınlaşıb. Lyuis və Şarl növbəti dəfə təkərlərini dəyişiblər. Piastri 41-ci dövrədə trasdan çıxsa da, yerini qoruyub.

Alonso 43-cü dövrədə Bottası keçib. Finlandiyalı sürücü 2 dövrə sonra da Rikkardodan geri qalıb. Norris 46, Piastri 48, Ferstappen isə 50-ci dövrədə sonuncu pit-stopunu edib. 53-cü dövrədə ilk onluq: Norris – Piastri – Həmilton – Lekler – Ferstappen – Sayns – Rassell – Peres – Tsunoda – Alonso.

Komandası Norrisdən Piastriyə yerini verməyini xahiş edib, çünki daha əvvəl Həmiltona qarşı üstünlüyü qoruması üçün Lando avstraliyalı sürücüdən əvvəl pit-stopa çağrılıb. Lakin Norris sürətini azaltmayıb. Rassell yeni təkərlərə keçib. Ferstappen 57-ci dövrədə Lekleri geridə qoyaraq dördüncü yerə qalxıb.

Ferstappen Həmiltona hücumlar edib. 63-cü dövrədə onu üstələsə də, təkərlərini bloklayıb və nəticədə təmasın təsiri ilə trasdan çıxıb. Lakin geri qayıdaraq yarışa davam edə bilib. Bu insidentə görə hətta Leklerin də gerisinə düşüb.

Norris nəhayət, komandanın çağırışlarına müsbət cavab verib. 68-ci dövrədə sürətini azaldıb, 6 saniyəlik fərq sürətlə əriyib və Piastri yarışın yeni liderinə çevrilib. O irəli keçən anda da Lando ona hücum etmək üçün fürsətlər axtarıb. Lakin dəyişiklik baş verməyib.

Oskar Piastri mövsümdə və karyerasında ilk qələbəsini əldə edib. O, Formula 1 tarixində yarışda qalib gəlmiş 115-ci sürücü olub. Lando Norris ikinci yeri tutub və çempionatdakı əsas rəqibi Ferstappenlə fərqi azaldıb. Podiumun son pilləsində qərarlaşan Lyuis Həmilton isə karyerasında 200-cü dəfə fəxri kürsüdə yer alıb.

Sırada bir həftə sonra baş tutacaq Belçika Qran Prisi, sonrasında isə 1 aylıq yay fasiləsi var…

Sıra Sürücü Komanda Vaxt Pit
1 Oskar Piastri McLaren 1:38:01.989 2
2 Lando Norris McLaren +2.141 2
3 Lyuis Həmilton Mercedes +14.880 2
4 Şarl Lekler Ferrari +19.686 2
5 Maks Ferstappen Red Bull +21.349 2
6 Karlos Sayns Ferrari +23.073 2
7 Serxio Peres Red Bull +39.792 2
8 Corc Rassell Mercedes +42.368 2
9 Yuki Tsunoda RB +77.259 1
10 Ləns Stroll Aston Martin +77.976 2
11 Fernando Alonso Aston Martin +82.460 2
12 Daniel Rikkardo RB +1 dövrə 2
13 Niko Hülkenberq Haas +1 dövrə 2
14 Aleksander Elbon Williams +1 dövrə 2
15 Kevin Maqnussen Haas +1 dövrə 2
16 Valtteri Bottas Sauber +1 dövrə 2
17 Loqan Sarcent Williams +1 dövrə 3
18 Esteban Okon Alpine +1 dövrə 3
19 Quanyu Çjou Sauber +1 dövrə 2

 

Sürətli dövrə: Corc Rassell (Mercedes) – 1:20.305 (55-ci dövrə, 196.396 km/s)

MÜBARİZƏNİ DAYANDIRANLAR

Pilot Komanda Dövrə Səbəb
Pyer Qasli Alpine 36 hidravlik sistem

 

 

SÜRÜCÜLƏR ÇEMPİONATI

Sıra Pilot Komanda Xal
1 Maks Ferstappen Oracle Red Bull Racing 265
2 Lando Norris McLaren F1 Team 189
3 Şarl Lekler Scuderia Ferrari 162
4 Karlos Sayns Scuderia Ferrari 154
5 Oskar Piastri McLaren F1 Team 149
6 Lyuis Həmilton Mercedes-AMG PETRONAS F1 Team 125
7 Serxio Peres Oracle Red Bull Racing 124
8 Corc Rassell Mercedes-AMG PETRONAS F1 Team 116
9 Fernando Alonso Aston Martin Aramco F1 Team 45
10 Ləns Stroll Aston Martin Aramco F1 Team 24
11 Niko Hülkenberq MoneyGram Haas F1 Team 22
12 Yuki Tsunoda Visa Cash App RB F1 Team 22
13 Daniel Rikkardo Visa Cash App RB F1 Team 11
14 Oliver Birman Scuderia Ferrari 6
15 Pyer Qasli BWT Alpine F1 Team 6
16 Kevin Maqnussen MoneyGram Haas F1 Team 5
17 Aleksander Elbon Williams Racing 4
18 Esteban Okon BWT Alpine F1 Team 3

 

 

MÜHƏNDİSLƏR KUBOKU

Sıra Komanda Motor Xal
1 Oracle Red Bull Racing Honda RBPT 389
2 McLaren F1 Team Mercedes 338
3 Scuderia Ferrari Ferrari 322
4 Mercedes-AMG PETRONAS F1 Team Mercedes 241
5 Aston Martin Aramco F1 Team Mercedes 69
6 Visa Cash App RB F1 Team Honda RBPT 33
7 MoneyGram Haas F1 Team Ferrari 27
8 BWT Alpine F1 Team Renault 9
9 Williams Racing Mercedes 4

Elçin Zodorov

Şərh əlavə et