Kokpit.az xatırladır ki, Karlos Sayns ilk, Lando Norris isə növbəti 2 sərbəst yürüşlərin qalibi olub. McLaren-in britaniyalı sürücüsü bu üstünlüyünü sıralanma turunda da davam etdirib – Red Bull-un gətirdiyi yeniliklər Maks Ferstappenin onu üstələməsi üçün kifayət etməyib.
Pirelli bura ən yumşaq üçlüyü – C3, C4 və C5 təkərlərini gətirib. Rassell, Peres, Qasli sərt, Alonso, Stroll, Elbon və Maqnussen yumşaq, qalan hamı isə orta təkərlərlə başlayıb. Start düzlüyündə ilk cərgəni McLaren sürücüləri, ikinci cərgəni Ferstappenlə Sayns, üçüncü cərgəni isə Həmiltonla Lekler tutub.
Startda Norris ləngiyib, daha sonra maşını komanda yoldaşına tərəf çəkib, lakin bu Piastrinin liderliyə yüksəlməsinə mane olmayıb. Ferstappen Norrislə yan-yana gəlib, lakin trasdan çıxıb və onun önündə geri qayıdıb. Sayns 3 yer itirib.
Bir qədər sonra Karlos həmyerlisi Alonsonu geridə qoyub və itirdiyi yerlərdən birini bəroa edib. Ferstappen isə sürətini azaldaraq Norrisi irəli buraxıb. 2-ci dövrədə ilk onluq: Piastri – Norris – Ferstappen – Həmilton – Lekler – Sayns – Alonso – Stroll – Elbon – Maqnussen.
Yumşaq təkərlərlə başlayan sürücülər artıq 7-ci dövrədə pit-stopa çağrılıblar. 7-8 dövrə sonra isə digərləri onları izləyiblər – Stroll, Həmilton, Bottas və Norris 15-ci dövrədən etibarən növbəti pit-stop dalğasını başladıblar. Liderlər qrupundan Piastri 2, Ferstappen isə 4 dövrə sonra onlara qoşulub.
Rassell Saynsı irəli buraxıb. Alonso Hülkenberqi geridə qoyub. Peres, Qasli, Rikkardo, Tsunoda, Elbon, Hülkenberq, Rassell, Okon və Sarcent 30-cu dövrədən etibarən yeni təkərlərə keçiblər. Ferstappen üçüncülük uğrunda Həmiltona hücum edib, lakin yenə trasdan çıxıb və geridə qalıb.
Qasli hidravlik sızmaya görə 36-cı dövrədə mübarizəni dayandırıb. 2 dövrə sonra Alonso və Çjou pit-stop ediblər. Lekler mübarizə aparan Həmilton və Ferstappenə yaxınlaşıb. Lyuis və Şarl növbəti dəfə təkərlərini dəyişiblər. Piastri 41-ci dövrədə trasdan çıxsa da, yerini qoruyub.
Alonso 43-cü dövrədə Bottası keçib. Finlandiyalı sürücü 2 dövrə sonra da Rikkardodan geri qalıb. Norris 46, Piastri 48, Ferstappen isə 50-ci dövrədə sonuncu pit-stopunu edib. 53-cü dövrədə ilk onluq: Norris – Piastri – Həmilton – Lekler – Ferstappen – Sayns – Rassell – Peres – Tsunoda – Alonso.
Komandası Norrisdən Piastriyə yerini verməyini xahiş edib, çünki daha əvvəl Həmiltona qarşı üstünlüyü qoruması üçün Lando avstraliyalı sürücüdən əvvəl pit-stopa çağrılıb. Lakin Norris sürətini azaltmayıb. Rassell yeni təkərlərə keçib. Ferstappen 57-ci dövrədə Lekleri geridə qoyaraq dördüncü yerə qalxıb.
Ferstappen Həmiltona hücumlar edib. 63-cü dövrədə onu üstələsə də, təkərlərini bloklayıb və nəticədə təmasın təsiri ilə trasdan çıxıb. Lakin geri qayıdaraq yarışa davam edə bilib. Bu insidentə görə hətta Leklerin də gerisinə düşüb.
Norris nəhayət, komandanın çağırışlarına müsbət cavab verib. 68-ci dövrədə sürətini azaldıb, 6 saniyəlik fərq sürətlə əriyib və Piastri yarışın yeni liderinə çevrilib. O irəli keçən anda da Lando ona hücum etmək üçün fürsətlər axtarıb. Lakin dəyişiklik baş verməyib.
Oskar Piastri mövsümdə və karyerasında ilk qələbəsini əldə edib. O, Formula 1 tarixində yarışda qalib gəlmiş 115-ci sürücü olub. Lando Norris ikinci yeri tutub və çempionatdakı əsas rəqibi Ferstappenlə fərqi azaldıb. Podiumun son pilləsində qərarlaşan Lyuis Həmilton isə karyerasında 200-cü dəfə fəxri kürsüdə yer alıb.
Sırada bir həftə sonra baş tutacaq Belçika Qran Prisi, sonrasında isə 1 aylıq yay fasiləsi var…
Sıra | Sürücü | Komanda | Vaxt | Pit |
1 | Oskar Piastri | McLaren | 1:38:01.989 | 2 |
2 | Lando Norris | McLaren | +2.141 | 2 |
3 | Lyuis Həmilton | Mercedes | +14.880 | 2 |
4 | Şarl Lekler | Ferrari | +19.686 | 2 |
5 | Maks Ferstappen | Red Bull | +21.349 | 2 |
6 | Karlos Sayns | Ferrari | +23.073 | 2 |
7 | Serxio Peres | Red Bull | +39.792 | 2 |
8 | Corc Rassell | Mercedes | +42.368 | 2 |
9 | Yuki Tsunoda | RB | +77.259 | 1 |
10 | Ləns Stroll | Aston Martin | +77.976 | 2 |
11 | Fernando Alonso | Aston Martin | +82.460 | 2 |
12 | Daniel Rikkardo | RB | +1 dövrə | 2 |
13 | Niko Hülkenberq | Haas | +1 dövrə | 2 |
14 | Aleksander Elbon | Williams | +1 dövrə | 2 |
15 | Kevin Maqnussen | Haas | +1 dövrə | 2 |
16 | Valtteri Bottas | Sauber | +1 dövrə | 2 |
17 | Loqan Sarcent | Williams | +1 dövrə | 3 |
18 | Esteban Okon | Alpine | +1 dövrə | 3 |
19 | Quanyu Çjou | Sauber | +1 dövrə | 2 |
Sürətli dövrə: Corc Rassell (Mercedes) – 1:20.305 (55-ci dövrə, 196.396 km/s)
MÜBARİZƏNİ DAYANDIRANLAR
Pilot | Komanda | Dövrə | Səbəb |
Pyer Qasli | Alpine | 36 | hidravlik sistem |
SÜRÜCÜLƏR ÇEMPİONATI
Sıra | Pilot | Komanda | Xal |
1 | Maks Ferstappen | Oracle Red Bull Racing | 265 |
2 | Lando Norris | McLaren F1 Team | 189 |
3 | Şarl Lekler | Scuderia Ferrari | 162 |
4 | Karlos Sayns | Scuderia Ferrari | 154 |
5 | Oskar Piastri | McLaren F1 Team | 149 |
6 | Lyuis Həmilton | Mercedes-AMG PETRONAS F1 Team | 125 |
7 | Serxio Peres | Oracle Red Bull Racing | 124 |
8 | Corc Rassell | Mercedes-AMG PETRONAS F1 Team | 116 |
9 | Fernando Alonso | Aston Martin Aramco F1 Team | 45 |
10 | Ləns Stroll | Aston Martin Aramco F1 Team | 24 |
11 | Niko Hülkenberq | MoneyGram Haas F1 Team | 22 |
12 | Yuki Tsunoda | Visa Cash App RB F1 Team | 22 |
13 | Daniel Rikkardo | Visa Cash App RB F1 Team | 11 |
14 | Oliver Birman | Scuderia Ferrari | 6 |
15 | Pyer Qasli | BWT Alpine F1 Team | 6 |
16 | Kevin Maqnussen | MoneyGram Haas F1 Team | 5 |
17 | Aleksander Elbon | Williams Racing | 4 |
18 | Esteban Okon | BWT Alpine F1 Team | 3 |
MÜHƏNDİSLƏR KUBOKU
Sıra | Komanda | Motor | Xal |
1 | Oracle Red Bull Racing | Honda RBPT | 389 |
2 | McLaren F1 Team | Mercedes | 338 |
3 | Scuderia Ferrari | Ferrari | 322 |
4 | Mercedes-AMG PETRONAS F1 Team | Mercedes | 241 |
5 | Aston Martin Aramco F1 Team | Mercedes | 69 |
6 | Visa Cash App RB F1 Team | Honda RBPT | 33 |
7 | MoneyGram Haas F1 Team | Ferrari | 27 |
8 | BWT Alpine F1 Team | Renault | 9 |
9 | Williams Racing | Mercedes | 4 |
Şərh əlavə et