Xəbəri Kokpitdə Oxuyun!

Red Bull yeni konseptlə də qanadlandı

Mövsümün ilk yarışı geridə qaldı. Gözlənilən oldu və Maks Ferstappen Bəhreyndə ardıcıl ikinci mövsümdə qazana bildi.

Maks Ferstappen şənbə günü sıralanma turunda Piastridən aldığı hava kisəsinin hesabına poul qazanmışdı. Hətta Lando Norris son cəhdində ilk sektorda səhv etməsə, böyük ehtimalla yarışa pouldan başlaya bilərdi. Lakin əvvəldən əksəriyyət Red Bull-un sıralanma turunda nisbətən zəif, yarış tempində isə daha güclü olacağını düşünürdü. Elə də oldu.

Niderlandlı sürücü startdan sonra hər dövrə fərqi açaraq, rəqiblərindən uzaqlaşdı. Leklerin hər dövrə təkərləri bloklaması və tras xaricinə çıxması da son iki ilin Dünya Çempionuna yarayan amillərdən oldu. Bundan başqa Serxio Peresin də beşinci yerdən başlayıb yarışı ikinci yerdə bitirməsi “qırmızı öküzlər”in yarış tempindəki qüdrətini göstərdi.

Maks Ferstappen Bəhreyndə karyerasının 33-cü poulunu, 55-ci qələbəsini və 99-cu podiumunu bayram etdi. Yəni ki, üçqat Dünya Çempionu üçün əsl cütrəqəmli həftəsonu idi.

Ferrari komandası isə testlərdən sonra ən sürətli ikinci komanda hesab olunurdu və nəticələr də bunu təsdiqlədi. Ferrari mexanikləri yarışdan əvvəl Şarl Leklerin maşınında əyləc balansını dəyişdiyi üçün monakolu sürücü gah təkərləri kilitlədi, gah da tras xaricinə çıxdı. Buna baxmayaraq, yarışı 4-cü yerdə bitirə bildi.

Karlos Sayns isə məncə, günün əsl qəhrəmanı idi. İspniyalı sürücü ilin sonunda Ferrari-dən gedəcək və digər komandalara özünü yaxşı tərəfdən göstərməli idi. Elə də etdi. Tras üzərində həm Lekleri, həm də Rasselli keçərək podiumun son pilləsinə yüksəldi və bu ispaniyalı sürücü üçün ən yaxşı mövsüm başlanğıcı oldu.

Günün problem yaşayan digər komandası Mercedes idi. “Gümüşü oxlar” ikinci sərbəst yürüşlərdə ilk iki yeri tutaraq, azarkeşlərini ümidləndirmişdilər. Sıralanma turu da onlar üçün pis keçməmişdi və Corc Rassell ilə ikinci cərgəyə yerləşmişdilər. Lakin “alman maşını” yarışda gözlənildiyi kimi işləmədi. Əvvəlcə Lyuis Həmiltonun maşınında batareya problemi yaşandı. Sonra isə Corc Rassellin motorunda soyutma problemləri başladı. Beləliklə, Rassell mövsümün ilk yarışında podiumu əldən verməli oldu.

Mövsümün ən böyük məyusluğu isə hələki Alpine komandasıdır. Fransızlar hələki peletonun açıq-ara outsayderləridirlər. Lakin unutmayaq ki, Alpine baza komandasıdır və növbəti yarışlarda sürətlənə bilərlər. Biz onlarda belə halı dəfələrlə görmüşük.

Mövsümün ikinci yarışı bu həftəsonu Ciddədə olacaq. Bəs orada Maks Ferstappenin qarşısını kəsən tapılacaq?

Rauf Hacıyev

Şərh əlavə et