Xəbəri Kokpitdə Oxuyun!

C.Rassell: Gələn il hər şey ola bilər

Mercedes komandasının sürücüsü Corc Rassell bildirib ki, 2024-cü il üçün yönlərini tapıblar.

Kokpit.az xatırladır ki, Mercedes komandası 2011-ci ildən sonra ilk dəfə 2023-cü ildə mövsümü qələbəsiz başa vurub. Buna baxmayaraq, onlar bu il 8 dəfə podiuma yüksələrək, Mühəndislər Kubokunda ikinci yeri tutublar.

Almaniya komandası mövsümün əvvəlində zeropod konseptinə sadiq qalsa da, ilk yarış olan Bəhreyndən sonra bundan imtina etmiş və tamamilə yeni konseptə keçmişdi. Buna baxmayaraq, onlar elə də güclü yüksəliş yaşaya bilməyiblər. “Gümüşü oxlar” 2022-ci ildə sadəcə 1 qələbə qazandığı halda, 2023-cü ildə heç qalib gələ bilməyib. Bununla da, 2011-ci ildən sonra ilk dəfə bir mövsümü qələbə qazanmadan keçiriblər.

Corc Rassell: “Məncə, gələn ilin maşınında təmiz səhidə açırıq. Bu yeganə pozitiv xəbərdir. Red Bull-un niyə bu qədər gerisindəyik deyə baş sındırırıq. Bu maşında çox problem var. Bu da komandaya növbəti mövsümün maşınını hazırlamaq üçün əlavə motivasiya verir.

Əlbəttə, Red Bull-un yenə də bir addım atmasını gözləyirəm, amma gələn il 2023-cü ilə nisbətən daha güclü olacağıq.

Konsepti dəyişdiririk. Şassini, ağırlıq paylanmasını, hava axımını hazırkı vəziyyətə nisbətən dəyişdiririk. Demək olar ki, hər funksiya dəyişdirilir və bunu etməklə bir şansımız olacaq.

Səhv də edə bilərik. Yəni gözləntilərdən uzaq qalmaq, öndəkilərə çatmaq, böyük addım atmaq və öndə yarışmaq arasında hər şey ola bilər”.

Qeyd edək ki, Mercedes komandası 2014-2021-ci illərdə ardıcıl 8 dəfə Mühəndislər Kubokunu qazandıqdan sonra 2022-ci ildə texniki reqlamentinin dəyişməsi ilə geriyə düşmüşdü.

Rauf Hacıyev

Şərh əlavə et