Hətta keçənildən səbirsizliklə gözlənilən və şou ab-havasında keçəcəyi düşünülən yarış gözləntiləri tam qarşılayıb. Möhtəşəm mübarizə bir çoxlarının zövqünü oxşasa da, olduqca çətin həftəsonu proqramına da reaksiyalar başadüşüləndir. Məsələn, ikinci sərbəst yürüşlər yerli vaxtla gecə 02:30-da başlayıb və 4-də bitib. Buna görə də, növbəti illərdə sessiyaların azı 2 saat tez başlamalı olduğunu deyənlər də az deyil.
Sürücülərin yorğunluğu 1 həftə ərzində 12 saatlıq fərqin olduğu Əbu Dabidə növbəti yarışa çıxmaqları ilə daha da çoxalacaq. Üstəlik, gələn il Las Veqas mövsümün sonundakı ardıcıl 3 yarışın ilki olmalıdır ki, bu da Daniel Rikkardonu çox təəccübləndirib: “Mən buna səs vermərəm. Dəyişməlidirlər, yoxsa mövsümün sonunda tükənəcəyik. Cəmi 6 yarış sürmüşəm və yorğunluq hiss edirəm. O gec saatdakı məşqlərdən sonra çoxumuzun sayıqladığını və halisunasiya gördüyünü düşünürəm”.
Son yarışın qalibi Maks Ferstappen də bu yarışın digər Amerika qitəsi yarışları ilə cütləşdirilməli olduğunu düşünür: “Bəlkə də gələn il üçün mümkün olmaz, amma Əbu Dabiyə səyahət məsələsini daha yaxşı hala gətirmək lazımdır. İndiki vəziyyət hamının yorğun olduğu bir vaxtda çox çətindir. Bu yarış üçün başqa tarix tapmaq yaxşı olar. Bəlkə də bilet satışlarına təsir edər, bilmirəm, amma ideal həll yolu tapılmalıdır. Fasiləsiz 12 saatlıq fərq olan iki çox müxtəlif şəraitli trasda yarışmaq bizim üçün çoxdur”.
Maksın komanda yoldaşı Serxio Peres də “qumarlar şəhəri”nin mövsümün finalına ev sahibliyi etməli olduğunu düşünənlər arasındadır: “Buradakı ilk yarış mükəmməl keçdi. Maksın da dediyi kimi, buradan birbaşa Əbu-Dabiyə getməli olduğumuzu düşünəndə, mövsüm ərzində qət etdiyimiz ən uzun məsafənin olduğunu deyə bilərik. Yəni, Las Veqas Qran Prisini son yarış kimi dəyərləndirmək olar”.
Şərh əlavə et