Xəbəri Kokpitdə Oxuyun!

M.Ferstappen: Əyləncəli yarış idi

Red Bull komandasının sürücüsü Maks Ferstappen bildirib ki, Las Veqas yarışı əyləncəli keçib.

Kokpit.az xatırladır ki, Ferstappen Las Veqas yarışından əvvəl narazılığını bildirmişdi. O, sərbəst yürüşlər və sıralanma turundan sonra hər şeyin oxşar olduğunu demişdi.

Niderlandlı sürücü yarışa ikinci yerdən başlasa da, startda liderliyi alıb. Amma ilk döngədə rəqibi Lekleri trasdan çıxardığı üçün 5 saniyə cəza alıb. Bununla da pitlərdən sonra Leklerlə Rassellin gerisinə düşüb. Amma Rassellə təmas yaşayaraq, ön qamadını zədələyib və təhlükəsizlik maşınının trasa daxil olması ilə pitə girib və bu ona qələbə üçün yol açıb.

Maks Ferstappen bundan sonra trasda Piastri, Peres və Lekleri keçərək, mövsümdə 18-ci, karyerasında 53-cü qələbəsini qazanıb. Niderlandlı sürücü bununla da qələbə sayında əfsanəvi Sebastyan Fettelə çatıb.

Maks Ferstappen: “Çox əyləncəli idi. Gələn il üçün indidən həyəcanlıyıq.

Çətin yarış idi. Startda yer qazanmağa çalışdım. İkimiz də gec əyləndik və asfaltla ilişmə tükəndi. Buna görə də trasdan çıxdıq.

Stüardlar buna mənə cəza verdi və geriyə düşdük. Bir neçə maşını keçməli idim, amma təhlükəsizlik maşını girdi.

Daha sonra düzlüklər var idi. Rəqiblərlə mübarizə üçün çoxlu ötmə etməli oldum. DRS burada çox güclü idi. Önə keçəndə belə arxadakı rəqib DRS ilə yerini qaytara bilirdi. Buna görə də gözəl yarış idi. Çox əyləndim.

Tras yaxşı idi, amma ideal deyildi. Ön tərəfdə sürüşmə var idi. Yenə də yarışı qazana bildik.

Azarkeşlər yaxşı idilər. Ümid edirəm ki, yarışdan həzz alıblar. Biz həzz aldıq. Gələn il yenidən buraya gəlmək və şou göstərmək üçün səbirsizlənirik”.

Rauf Hacıyev

Şərh əlavə et