Kokpit.az onları təqdim edir…
Sıralanma turu
Monakodakı poul Maks Ferstappen üçün burada ilk, mövsümdə üçüncü, karyerasında isə 23-cü olub. İndiyə qədər Fernando Alonso ilə eyni poul sayına sahib olan niderlandlı sürücü artıq aktiv sürücülərdən yalnız Lyuis Həmiltondan (103) geri qalır.
Fernando Alonso cəmi 0.084 saniyə fərqlə poulu əldən verib ki, bu da cari mövsümdə poul sahibi ilə ikinci arasındakı ən yaxın fərqdir. İspan sürücü komanda yoldaşı ilə sıralanma turundakı hesabı da 6-0 edib.
Şarl Lekler mövsümdə ikinci dəfə sıralanma turunu üçüncü yerdə başa vurub və komanda yoldaşını dördüncü dəfə geridə qoyub.
Esteban Okon dördüncü nəticə göstərib ki, bu, fransız sürücünün Alpine-da ən yaxşı performansıdır. Maksa cəmi 0.188 saniyə uduzub. Lakin onun karyerasındakı ən yaxşı təsnifat mərhələsi nəticəsi 2018-ci ildə Force İndia ilə Spa trasında əldə etdiyi üçüncülükdür…
Karlos Sayns beşinci yeri tutub – ispan sürücü geridə qalan altı yarışın beşinin sıralanma turunda 4 və ya 5-ci yerin sahibi olub.
Doqquzuncu olan Yuki Tsunoda karyerasında ilk dəfə Monte Karlodakı sıralanma turunun final mərhələsinə yüksələ bilib.
Buradakı 12-cilik Nik de Friz üçün hələ ki, ən yaxşı nəticədir.
Aleksander Elbon 13-cü olub ki, bu, Williams üçün 2018-ci ildən bəri ən yaxşı göstəricidir – 5 il əvvəl Sergey Sirotkin eyni nəticəni əldə etmişdi.
Yarış
Maks Ferstappen Monakoda ikinci, mövsümdə dördüncü, karyerasında isə 39-cu zəfərini əldə edib. Red Bull-un gənc sürücüsü komanda tərkibində ən çox qələbə qazanan sürücülər siyahısında da Sebastyan Fetteli (38) geridə qoyub.
Yarışın gedişində Maks Ferstappen 2000 dövrə liderlik səddini aşıb. Hazırda bu göstəricisi 2077 dövrədir və aktiv sürücülərdən yalnız Lyuis Həmiltondan (5447) geri qalır.
Lider keçilən dövrələrin sayına görə Red Bull (5672) Lotus-u (5624) geridə qoyaraq beşinci yerə yüksəlib.
Yarışda ikinci olan Fernando Alonso 2014-cü ildəki Macarıstan Qran Prisindən bəri ən yaxşı nəticəsini əldə edib. Bu, ispan sürücünün karyerasında 103-cü podiumdur. O, Kimi Rəykkönenlə eyni saya çatıb və bu reytinqdə beşinci yerdədir.
Esteban Okon karyerasında üçüncü podiumu əldə edib və Olivye Panisdən (1996) sonra burada podiuma yüksələn ilk fransız sürücü olub.
Dünən əldə etdiyi dördüncülük Lyuis Həmiltonun bu onillikdə Monte Karlodakı ən yaxşı nəticəsidir.
Lyuis Həmilton karyerasında 62-ci dəfə sürətli dövrənin sahibi olub ki, onlardan 50-si Mercedes-dəki dövrünə təsadüf edir.
Corc Rassell-in beşinciliyi Mercedes-ə bu mövsümdə bir yarışdan ən çox xal qazanmağa imkan verib – 23 xal.
Pyer Qaslinin yeddinciliyi bu mövsüm ən yaxşı nəticəsidir.
Karlos Sayns isə 8-ci olaraq burada 2018-ci ildən bəri ən pis nəticəsinə imza atıb.
Nik de Friz üçün burada əldə edilmiş 12-cilik mövsümdə ən yaxşı nəticədir…
Şərh əlavə et