Kokpit.az bildirir ki, işlər qarışmağa başlayanda bundan istifadə etmək istəyənlər olur. 2024-cü ildə də eyni hal yaşanır.
Mövsümün ilk 4 yarışı Alpine komandası üçün çətin keçib. Onlar Sauber və Williams-la birgə xal almayan 3 komandadan biridir və çempionatın zirzəmisində qərar tutublar. Lakin Alpine baza komandası olduğu üçün onların uğursuzluğu digərlərinə nisbətən daha çox gözə batır.
Fransa təmsilçisi 2023-cü ilin fevral ayında özlərinə iddialı hədəflər qoymuşdu. Onlar 2022-ci il mövsümündə dördüncü olmuşdular və keçənilki hədəfləri üçüncü yerə çatmaq üçün çoxlu podiumlar qazanmaq idi. Ancaq 14 aydan sonra ssenari fərqlidir.
İdarə heyətinin rəhbəri Loren Rossi, komanda rəhbəri Otmar Safnauer və idman direktoru Alan Permeyn, texniki direktor Pat Frayın ayrılması ilə işlər daha da pisləşib. Komanda qarışıb və belə olan halda bu qurumu aımaq istəyənlərin olması təəccüblü deyil. Bu əslində hər şirkətin qaydasıdır – bir şirkəti dəyəri aşağı olanda almaq istəyərsiniz.
Renault 2015-ci ildə Enstoundakı bazanı almış, 2021-ci ildə isə komandanın adını Alpine olaraq dəyişdirmişdi. Formula 1-də komandaya sahib olmaq gözəl olsa da, avtomobil istehsalçısı komandanın sahibi olanda işlər dəyişir.
Əgər bir istehsalçı müştəri komandalarından da geridə qalaraq, son sırada yerləşibsə, bu yaxşı hal deyil. Bu həmin istehsalçı üçün utanc mənbəyi ola bilər.
Belə görünür ki, Renault Parisdəki mərkəzi ofisində Alpine komandasını satmağa qərar versə, masada potensial müştərilər artacaq. Lakin ən qarışıq hal güc qurğularının yığıldığı Viri bazasıdır. Yaponiyada alınan məlumatlara görə İstehsalçının bir şərti var: Bir müddət – 2029-cu ilin sonuna qədər – yeni komandanın Renault-nun güc qurğusundan istifadə etməsi… Belə olan halda 2026-cı ildəki layihə üzərində işləyən motor qrupunun gələcəyi təmin olunacaq. Ancaq bu məhdudiyyət potensial alıcıların sayını azalda bilər, çünki yeni müştərilər başqa müştərilərlə işləyə bilərlər.
Şərh əlavə et