Kokpit.az bildirir ki, Avstriya təmsilçisi Aston Martin-dən Tom MakKallounu heyətinə qatdığını açıqlayıb. Britaniyalı mütəxəssis komandanın gələcəkdə yarış rəhbəri vəzifəsini icra edəcək.
MakKallouq Milton Kins təmsilçisinə 2027-ci ilin əvvəlində qoşulacaq. O, Aston Martin qrupunda müəyyən müddət “gardening leave” keçirdikdən sonra Red Bull-da fəaliyyətə başlayacaq və gələn il komandadan ayrılacaq Canpyero Lambiassenin faktiki əvəzləyicisi olacaq.
Reynard Engineering, Williams və Sauber-də çalışan MakKallou 2014-cü ildə komanda hələ Force India adlanarkən Aston Martin ailəsinə qoşulub. O, əvvəlcə baş yarış mühəndisi vəzifəsində çalışıb, 2018-ci ilin yanvarında isə performans direktoru təyin olunub.
Lakin 2023-cü ilin ikinci yarısında və 2024-cü il ərzində komandanın zəif nəticələrindən sonra MakKallou 2025-ci ildən etibarən F1 layihəsindəki vəzifəsindən kənarlaşdırılaraq Aston Martin Performance Technologies-də performans direktoru postuna keçirilib.
Onun Aston Martin qrupundan tamamilə ayrılacağı 2026-cı ilin avqustunda açıqlanıb. İndi isə Red Bull-da yeni yaradılmış “yarış rəhbəri” vəzifəsini tutacaq.
“2027-ci ilin əvvəlində Tomu komandamızda görəcəyimiz üçün çox şadıq. Onun bu vəzifəyə gətirəcəyi böyük təcrübə və biliklərdən faydalanmağı səbirsizliklə gözləyirik”, – Red Bull-un qısa açıqlamasında bildirilib.
MakKallounun transferi Red Bull-un başqa komandadan cəlb etdiyi ikinci böyük addır. Komanda bundan əvvəl Mercedes-dən Qven Laqryunu gənc pilotlar üzrə məsləhətçi vəzifəsinə gətirib.
MakKallounun Red Bull-a keçidi komandanın Lambiassedən sonrakı dövrə hazırlaşdığı vaxta təsadüf edir. Yarış mühəndisliyinin rəhbəri və Maks Ferstappenin mühəndisi olan Lambiassenin McLaren-ə keçəcəyi və bunun 2028-ci ildən etibarən baş verəcəyi gözlənilir.
Bundan başqa, baş dizayner Kreyq Skinner kimi digər yüksək vəzifəli şəxslər də komandadan ayrılıb. Aparılan struktur dəyişikliyi çərçivəsində Ben Voterhaus baş performans və dizayn mühəndisi vəzifəsinə yüksəldilib, Racing Bulls-dan Andrea Landi isə performans rəhbəri kimi komandaya qoşulub.




Şərh əlavə et